Məxfi materialları ələ keçirib yaymaqla ixtisaslaşan WikiLeaks saytı bu dəfə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennanın elektron poçtundan ələ keçirdiyi sənədləri yaymağa başlayıb.
Yenizaman.az saytı xəbər verir ki, kəşfiyyat fəaliyyətinə aid olan elektron yazışmalar Brennanın şəxsi poçt yeşiklərindən birində olub. Bu akkaunt hökumət poçtu sisteminə daxil deyil.
Sayt hələlik Brennanın 47 səhifəlik anketini, 11 sentyabr hücumlarından sonra həbs edilənlərə qarşı işgəncə metodlarının tətbiqinə dair materialları və İrandakı vəziyyətə dair analitik hesabatı yayıb. Bu anket Brennan Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə təyin olunmazdan əvvəl hazırlanıb. Orada bioqrafik xarakterli bütün suallara cavablar əksini tapır.
Brennanın şəxsi elektron poçt hesabının sındırıldığı oktyabrın 18-də məlum olub. "The New York Post” qəzeti Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun elektron poçtunu sındıran hakerlə müsahibə dərc edib. Haker bildirib ki, Brennana aid çoxsaylı sənədləri ələ keçirib.

.