Dövlət Gömrük Komitəsində (DGK) daxili çəkişmələrin kulminasiya nöqtəsinə çatdığı barədə yenizaman.az-a yeni məlumatlar daxil olub. Məlumatda bildirilir ki, DGK sədri Aydın Əliyevə qarşı Naxçıvan əsilli məmurların yeni hücum planları var. Gömrük xidmətində ən nüfuzlu qruplar sayılan Şərur, Nehrəm və Ordubad qruplaşmaları komitə sədri postuna Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun gətirilməsinə çalışır. Artıq Bakı klanı ilə yaxınlaşan A.Əliyev indi sözügedən qruplar üçün arzuolunmaz fiqura çevrilib.
Mənbənin məlumatına görə, V.Novruzovun komitəyə sədr təyin olunması hələ bir neçə il əvvəldən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun planlarına daxil idi. "Uzun müddət Dövlət Gömrük Komitəsinin sədri işləmiş Kəmaləddin Heydərov fövqəladə hallar naziri təyin edildikdən sonra bu posta özünün həmyerlisinin gətirilməsinin ictimai rəydə mənfi qarşılanacağından ehtiyatlanaraq Aydın Əliyevin gətirilməsinə razı oldu. Ancaq onu özünün ən yaxın adamları ilə əhatələyərək müstəqil fəaliyyətinə imkan vermədi. Təsadüfi deyil ki, DGK-i sədrinin dördü müavini və əksər baş idarələrin rəisləri K.Heydərovun həmyerliləridir. Son zamanlar gömrük orqanlarına prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov nüfuz etməyə başlayıb. General B.Əyyubova yaxın Əziz Həsənovun Sumqayıt Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə gətirilməsi Naxçıvan klanını narahat edib. Onlar həddindən artıq müstəqil olan bu şəxsin tezliklə daha yüksək mövqeyə sahiblənəcəyindən ehtiyat edirlər. Oyundankənar vəziyyətdə qalacaqlarından ehtiyatlanan Naxçıvan qruplaşması uduzmaq təhlükəsini önləmək üçün əks hücuma keçib. Naxçıvan qruplaşması mövqelərini uduzmamaq üçün komitə sədri postuna Vüsal Novruzovun gətirilməsinə çalışır”.
Mənbə niyə məhz Naxçıvan qruplaşmasının V.Novruzovun namizədliyinin üstündə durması ilə bağlı məqama da aydınlıq gətirib: "Aydın Əliyevin 4 müavinin hamısı Naxçıvan əsilli olsa da (Səfər Mehdiyev və Əsgər Abdullayev məşhur Nehrəm kəndindən, Rza Həsənəliyev və Nazim Məmmədov isə Ordubad rayonundandır), komitə sədri postuna ali rəhbərlikdə olmayan şəxsin gətirilməsi məsləhət bilinib. Vüsal Novruzov "fövqəlnazir”in ən inandığı şəxslərdən sayılır. Bu şəxsin hətta "Gilan Holdinq”in maliyyə məsələlərinə nəzarət etdiyi deyilir.
İkincisi, yeni sədr digər klanların təzyiqlərinə müqavimət göstərmək gücündə bir şəxs olmalıdır ki, bu keyfiyyətlərə də Vüsal Novruzovun xarakteri cavab verir.
Yada salaq ki, A.Əliyevlə Naxçıvan klanı arasındakı qarşıdurma haqda mediada dəfələrlə yazılıb. Hələ ilin ilk ayının sonunda- yanvarın 30-da komitədə keçirilən kollegiya iclasında A.Əliyev birinci müavini Səfər Mehdiyevin yarıtmaz fəaliyyətini kəskin ifadələrlə tənqid etmişdi. Bunun ardınca isə S.Mehdiyevin yaxın adamlarından birini nümayişkaranə şəkildə iclas zalından qovmuşdu. Bunu isə Naxçıvan klanı ona bağışlamaq niyyətində deyil.
İnformasiya şöbəsi
.