Avropa İttifaqının Vilnüs sammiti bəyannaməsinin "Azadlıq" radiosuna bəlli olmuş layihəsində Şərq Tərəfdaşlığının üzvü olan 6 ölkənin Avropa «istəkləri» bir daha vurğulanır, hərçənd bu da bildirilir ki, Minsk, «Belarus vətəndaş cəmiyyəti» barədə ifadələrin sənəddən çıxarılmasını istəyib. Bəyannamədə Avropa İttifaqı - Ermənistan münasibətlərinə aid hissə isə boş buraxılıb.
Bəyannamənin yekun mətninin Şərq Tərəfdaşlığının Litva paytaxtında, noyabrın
28-29-da keçiriləcək sammitində Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova
və Ukrayna rəsmiləri tərəfindən qəbul ediləcəyi gözlənilir. Bu bəyannamə həm indiyədək
əldə edilmiş nailiyyətləri göstərməli, həm də 2015-ci ildə keçiriləcək növbəti sammitə
qədər görüləcək işlər üçün çərçivə sənədi olmalıdır.
Bəyannamə layihəsinin üzərində daha çox müzakirələr getmiş paraqrafı 6 tərəfdaş
ölkənin Avropa İttifaqı ilə münasibətlərinin statusuna aiddir. Hazırkı layihədə
deyilir ki, «sammit hər bir üzv ölkənin Avropa İttifaqı ilə münasibətlərdə öz istəklərinin
formasını və son məqsədini seçmək kimi suveren hüququnu tanıyır». Bu isə o deməkdir
ki, Şərq qonşuları Avropa İttifaqı ilə münasibətlərində Brüssellə müqavilənin
8-ci maddəsinə əsasən «tərəfdaş» kimi qala və ya öz Avropa istəklərini həmin müqavilənin
49-cu maddəsinə əsasən davam etdirə bilərlər.
«Avropa istəkləri» ifadəsi Şərq Tərəfdaşlığının bundan əvvəlki 2011-ci il Varşava
sammitində qəbul edilmiş bəyannamədəki formuluna oxşardır, lakin Avropa İttifaqının
genişlənməsinə tərəfdar olan ittifaq üzvlərinin arzu etdiyindən daha zəif müddəadır.
Bu ölkələr Şərq Tərəfdaşlığı ölkələrinə də Qərbi Balkan ölkələrinə aid edilən «Avropa
perspektivi» formulunun şamil edilməsini istəyirlər. Bu formul tərəfdaş ölkələrin
bir gün Avropa İttifaqının üzvü olacağını nəzərdə tutur, hərçənd bunun üçün dəqiq
vaxt təyin etmir.
Layihədə olan formulun dəyişdiriləcəyinə
ümid yoxdur, belə ki, əsas etibarilə Fransa kimi bir sıra ittifaq üzvləri tərəfdaşlıq
ölkələri üçün gələcək üzvlüyü nəzərdə tutan heç nə vəd etmək istəmirlər.
Bəyannamə layihəsinin mötərizədə yazılmış paraqrafında Ukrayna ilə Assosiasiya Sazişinin,
habelə Dərin və Hərtərəfli Azad Ticarət Zonası (Deep and Comprehensive Free Trade
Areas - DCFTA) paktının, Gürcüstan və Moldova ilə isə həmin sazişlərin niyyət
protokollarının imzalanması salamlanır.
Assosiasiya Sazişinə dair Azərbaycanla aparılan danışıqlardakı tərəqqi də salamlanır
və qeyd olunur ki, Brüssel bu ölkə ilə DCFTA sazişi barədə danışıqların başlanmasına
hazırdır.
Yerevan Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqına qoşulmaq niyyətində olduğunu
elan etdiyinə görə, bəyannamə layihəsində Ermənistana aid hələlik heç bir formul
yoxdur. Avropa İttifaqı diplomatları bildiriblər ki, əvəzində Ermənistanla gələcək
əməkdaşlığa dair anlaşma memorandumu imzalana bilər.
