ABŞ dövlət katibinin müavini Victoria Nuland fevralın 17-də Bakıda prezident İlham Əliyevlə görüşüb.
O yarım günlük səfər zamanı vətəndaş cəmiyyətinin təmsilçilərinə də vaxt ayırıb – 20 dəqiqə. Nuland jurnalist Elçin Şıxlı, Marşal Fondunun təmsilçisi Mehriban Rəhimli və NİDA Hərəkatından Turqut Qəmbərlə görüşüb.
Mehriban Rəhimli AzadlıqRadiosuna deyib ki, görüşdə vətəndaş toplumunun problemlərindən danışıblar, ancaq bu haqda mətbuata geniş məlumat verə bilməz.
Elçin Şıxlı AzadlıqRadiosuna görüş haqda bunları söylədi:
"O prezidentlə görüşdən sonra bizimlə danışdı. Xüsusi müzakirə olmadı. Vaxt çox az idi. Ancaq Victoria Nuland dedi ki, prezidentlə insan haqları, demokratiya məsələlərini, regional problemləri müzakiə ediblər. Təəssürat budur ki, bizimlə işləmək istəyir, işləyəcəklər də yəqin...”
Dövlət katibinin müavini görüşdən sonra mətbuatın suallarını cavablandıdrıb.
APA-nın məlumatına görə, Victoria Nuland Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini Ermənistanda da qaldıracaq. Bundan başqa, ABŞ rəsmisi atəşkəsin pozulmasından narahat olduqlarını da bildirib:
"Təmas xətində son altı ayda baş verən gərginliklərdən narahatıq. Bizim Azərbaycana, eyni zamanda Ermənistana mesajımız odur ki, gərginlik dayandırılsın və bir masa arxasına gəlsinlər”.
Nuland Bakıda görüşlərini yekunlaşdırdıqdan sonra Gürcüstana yollanıb.
Onun Tbilisidə rəsmilər, müxalifət liderləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Fevralın 18-də isə Victoria Nulandın Yerevanda rəsmiləri, vətəndaş cəmiyyəti və gənclərin nümayəndələri ilə görüşəcəyi bildirilir. Bu görüşlərdə iqtisadi və siyasi sahələrdə əlaqələrin gücləndirilməsi, o cümlədən Dağlıq Qaraqbağ münaqişəsi müzakirə olunacaq.​ .