Ali Məhkəmənin yanında Elmi-məsləhət şurasının hibrid formatda iclası keçirilib, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə cinayəti ilə bağlı müzakirələr aparılıb.
Bu barədə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, Ali Məhkəmənin Cinayət kollegiyasının hakimləri, Baş Prokurorluğun nümayəndələri, Vəkillər Kollegiyasının üzvləri, alimlər və hüquqşünas ekspertlərin iştirakı ilə keçirilən iclasda Cinayət Məcəlləsinin 312-1-ci maddəsində nəzərdə tutulmuş “Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)” cinayətinin cinayət-hüquqi xarakteristikası, bu, habelə rüşvət alma və rüşvət vermə cinayətlərinin bir-birindən, eləcə də dələduzluq və s. oxşar cinayətlərdən fərqləndirilməsi” mövzusu müzakirəyə çıxarılıb.
Cinayət Məcəlləsinin 312-1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlərin araşdırılması və onlara məhkəmədə baxılması üzrə təcrübənin mövcud vəziyyəti onu göstərir ki, nüfuz alveri cinayətini səciyyələndirən obyektiv və subyektiv əlamətlər barədə vahid və düzgün hüquqi yanaşmaların formalaşdırılması məqsədilə diskussiyaların aparılmasına ciddi tələbat var.
İclasda Cinayət Məcəlləsinin 312-1-ci maddəsində nüfuz alverinin cinayət olaraq təsbit edilməsi “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Avropa Şurasının 27 yanvar 1999-cu il tarixli Konvensiyasından irəli gəldiyi üçün təcrübədə Konvensiyanın müddəalarının təfsiri və milli qanunvericiliyin normaları ilə əlaqələndirilməsi ilə bağlı sualların yarandığı qeyd olunub və bu, habelə digər problemli görünən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nüfuz alveri cinayətinin, eləcə də rüşvət almanın dələduzluqdan fərqləndirilməsi ilə də bağlı təcrübədə çətinliklərin olduğu vurğulanıb və bu problemli məsələlərin düzgün həllinə xidmət edən fikirlər söylənilib, konkret təkliflər irəli sürülüb.
İclasın sonunda Ali Məhkəməyə təqdim olunmuş mülahizələrdə və iclasının gedişində Cinayət Məcəlləsinin 312-1-ci maddəsi üzrə hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsinə dair fikirlərin və irəli sürülən təkliflərin vahid hüquqtətbiqetmə təcrübəsinin formalaşdırılması baxımından faydalı olduğu qeyd olunub.
Eyni zamanda iclasda səsləndirilən təkliflərin Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin təkmilləşdirilməsi üzrə layihələrin hazırlanması işinə töhvə verəcəyi xüsusilə diqqətə çatdırılıb.
.