ABŞ Dövlət katibi Marko Rubio Kiyevdəki ABŞ səfirliyinin fəaliyyətinin dayandırıla biləcəyini istisna etməyib.

Rubio bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Orada qalmağın təhlükəsiz olub-olmadığına qərar verəcəyik”, – Rubio deyib.

O qeyd edib ki, ABŞ dünyanın bütün ölkələrindəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyini gündəlik əsasda qiymətləndirir.

Rubionun sözlərinə görə, hər hansı diplomatik nümayəndəlik üçün təhlükə yarandığı və buna cavab olaraq onun statusunun dəyişdirilməsinin zəruri olduğu qənaətinə gəlinərsə, ABŞ müvafiq addım atacaq.

“Hazırda biz Kiyevdə bunu etməmişik”, – ABŞ Dövlət katibi əlavə edib.

Rubionun açıqlaması Rusiyanın xarici diplomatlara Kiyevdə qalmağın təhlükəli olması barədə xəbərdarlığından sonra səslənib. Rusiya XİN oktyabrın 3-də xarici vətəndaşlara və diplomatik nümayəndəliklərin əməkdaşlarına Kiyevdən çıxmaq barədə çağırış edib. Bununla yanaşı, bir sıra Avropa ölkələrinin diplomatik nümayəndəlikləri Kiyevdə fəaliyyətlərini davam etdirəcəklərini açıqlayıblar.

.