Bu gün Vətən müharibəsi şəhidi Əliyev Mərhab Şikar oğlunun anım mərasimidir. “İki sahil” xəbər verir ki, bu münasibətlə Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, rayon ictimaiyyəti və ağsaqqalları şəhidin anım mərasimində iştirak ediblər.

Şəhid Mərhab Əliyevin məzarı ziyarət edilib, ruhuna dualar oxunulub, əziz xatirəsi ehtiramla anılıb.  

Qeyd edək ki, Mərhab Əliyev Suqovuşan döyüşləri zamanı ağır yaralanıb və Hərbi Hospitala yerləşdirilib. Oktyabrın 15-də Hərbi Hospitalda şəhid olub. Goranboy rayonunun Bağçakürd kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mərhab Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

.