Venesuelada səfərbərlik elan edilib.

Bunu Venesuelanın xarici işlər naziri İvan Hil Pinto bəyan edib.

Qeyd olunub ki, Venesuela Bolivar Respublikasının hökuməti ABŞ-ın Karakasda, eləcə də Miranda, Araqua və La-Quayra ştatlarında mülki və hərbi obyektlərə qarşı həyata keçirdiyi “kobud hərbi təcavüzü” kəskin şəkildə pisləyir.

Bəyanatda qeyd olunub ki, ABŞ-ın bu hərəkətləri BMT nizamnaməsini pozur, Latın Amerikası və Karib regionunda sülh və sabitliyə təhdid yaradır və milyonlarla insanın həyatını təhlükə altına qoyur.

Bildirilir ki, Prezident Nikolas Maduro əhalinin və dövlət institutlarının qorunması məqsədilə ölkə üzrə milli müdafiə planlarının tətbiq edilməsi barədə göstəriş verib və bütün ölkə ərazisində “xarici təhlükə vəziyyəti”nin elan olunması haqqında fərman imzalayıb.

Venesuela bütün sosial və siyasi qüvvələri səfərbərliyə, təcavüzə qarşı aktiv müqavimət göstərməyə və ölkənin silahlı müdafiəsinə hazır olmağa çağırıb.

Qeyd olunur ki, eyni zamanda Venesuelanın diplomatik qurumları ABŞ-ın təcavüzü məsələsini BMT Təhlükəsizlik Şurasında, həmçinin CELAC və Qoşulmama Hərəkatı çərçivəsində qaldıraraq Vaşinqtonun pislənməsini və məsuliyyətə cəlb olunmasını tələb edəcəklər.

ABŞ-ın hücumlarının məqsədi Venesuela neftini və mədənlərini ələ keçirməkdir, lakin buna nail olmayacaq

ABŞ-ın hücumlarının məqsədi Venesuela neftini və mədənlərini ələ keçirməkdir.

APA xəbər verir ki, bu barədə Venesuela XİN-in yaydığı bəyanatda bildirilib.

“ABŞ hücumlarının məqsədi Venesuelanın neft və mədən ehtiyatlarını ələ keçirməkdir. ABŞ bu resursları ələ keçirməkdə uğur qazanmayacaq. Hücumlar Karakas, Miranda, Araqua və La Qvayra ştatlarında baş verib”, deyə bəyanatda vurğulanır.

Qeyd olunub ki, Pentaqon məsələ ilə bağlı şərh verməyib, sorğuları Ağ Evə ünvanlamağı tövsiyə edib. Ağ Ev isə şərh üçün göndərilən sorğulara dərhal cavab verməyib.

“The Wall Street Journal” isə yazır ki, Ağ Ev ABŞ hərbçiləri Venesuelanı tərk etdikdən sonra bəyanat yayacaq.

Federal Aviasiya Administrasiyası Karakasda baş verən partlayışlardan əvvəl “davam edən hərbi fəaliyyət” səbəbilə ABŞ-ın kommersiya uçuşlarının Venesuela hava məkanında həyata keçirilməsini qadağan edib.

Karakasda yerləşən bir hərbi bazanın anqarından tüstünün qalxdığı müşahidə olunub. Paytaxtdakı başqa bir hərbi obyekt isə elektrik enerjisiz qalıb.

Venesuela BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq qanuni özünümüdafiə hüququna malik olduğunu bəyan edib və Latın Amerikası, Karib regionu ölkələrini, eləcə də bütün dünyanı həmrəylik nümayiş etdirməyə çağırıb.

.