
Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyəti noyabrın 13-14-də Azərbaycanda səfərdə olacaq. Bu barədə "Azadlıq” radiosu bildirib.
Nümayəndə heyəti Azərbaycanın hökumət və vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşlər keçirəcək. Məqsəd QHT-lər haqqında qanunvericiliyə edilən son dəyişikliklərlə bağlı rəy hazırlamaqdır. Rəy layihəsinin dekabrda Komissiyanın növbəti plenar sessiyası çərçivəsində qəbul edilməsi gözlənilir.
Azərbaycanın QHT qanunvericiliyinə dəyişikliklərinə rəy hazırlamağı Venesiya Komissiyasından Avropa Şurasının baş katibi Torborn Yaqland xahiş edib.
Həmin dəyişiklikləri yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları "mürtəce” adlandırır. Bu dəyişikliklərdən sonra QHT-lər faktiki olaraq fəaliyyət imkanlarından məhrum ediliblər. Bu, ilk növbədə dövlət qeydiyyatı olmayan QHT-lərə təsir edib. Məhz onlar kiçik pozuntulara görə böyük cərimələrə məruz qalırlar.
.