İyunun 28-də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan və sonradan barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilən vəkil Əliabbas Rüstəmovun məsələsi ABŞ-ın Helsinki Komissiyasının həmsədri, respublikaçı konqresmen Kristofer Smitlə müzakirə edilib. Bu barədə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Samir Kazımlı məlumat verib.
S.Kazımlı deyib ki, K.Smitlə görüş zamanı Ə.Rüstəmovun həbsi məsələsinə də toxunulub. Amerikalı konqresmen vəkilin həbsinin motivi və ona qarşı irəli sürülən ittihamla maraqlanıb. Konrqesmenə məlumat verilib ki, Əliabbas Rüstəmov Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, vicdan məhbusu Anar Məmmədlinin QHT-lərə Dövlət Dəstəyi Şurasına, Maliyyə Nazirliyinə və Vergilər Nazirliyinin Vergi Auditi Departamentinə qarşı iddiasının hazırlanmasında yaxından iştirak edib. Bundan əlavə o, ölkədəki korrupsiya ilə bağlı mətbuatda açıqlamalar verib, bu xüsusda prezident İlham Əliyevə mətbuat vasitəsi ilə müraciət edib.
K.Smit digər siyasi məhbuslar kimi, Ə.Rüstəmovun məsələsini də diqqətdə saxlayacağını deyib.
.
