Deputat Vahid Əhmədov Mədəniyyət Nazirliyində son həbslərlə bağlı mətbuata açıqlama verib. Maraqlısı odur ki, nazirlikdə baş verən rüşvət hallarından danışan deputat qurumun keçmiş fəaliyyətinə də toxunub. Nə az, nə çox Vahid Əhmədov 20 ildən çox bir müddətə geri dönərək, hazırda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri olan  Polad Bülbüloğlunun ünvanına absurd ittihamlar səsləndirib. Səbəb çox güman ki, Vahid Əhmədovun prokuror oğlu Zəfər Əhmədovla bağlıdır. Sual oluna bilər ki, Mədəniyyət Nazirliyindəki korrupsiya halları keçmiş nazir Əbülfəz Qarayevin də dövrünə təsadüf edir. Həmin ərəfədə Vahid Əhmədovun oğlu isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini vəzifəsində çalışıb. Görəsən Vahid Əhmədov və yaxud oğlu o dövrdə Mədəniyyət Nazirliyndə baş verən rüşvət hallarına niyə münasibət bildirmirdilər. Bəlkə də Vahid Əhmədovun keçmiş Baş prokuror Zakir Qaralova vaxtında olan rəğbəti buna imkan vermirmiş. Lakin ən yaxşı halda bu suallara Vahid Əhmədov və oğlu Zəfər Əhmədov cavab verə bilər. 
Qeyd edək ki, vaxtı ilə mərhum prezident Heydər Əliyev, Nazirlər Kabinetinin iclasında AXC hakimiyyəti dövründə Baş nazirin müavini olmuş Vahid Əhmədovu Azərbaycan dövlətinə aid vauçerlərin qanunsuz satılmasında ittiham etmişdi. İndi öz gözündə tiri görməyən və özgə gözdə çöp axtaran Vahid Əhmədov görəsən nədən narahat olub. Deputatın Minyatur sənətindən nə dərəcə anlayışı olduğunu deyə bilməsək də onu demək olar ki, Vahid Əhmədovun da keçmişinə nəzər salsaq elə orda da qaranlıq məqamlar ortaya çıxa bilər. Polad Bülbüloğluna gəlincə, o dünyaca müşhur bir simadır. Polad Bülbüloğlunun kim olması və Azərbaycan dövlətinə olan xidmətləri saysız-hesabsızdır. Yeri gəlmişkən Polad Bülbüloğlu bəziləri kimi Ramiz Mehdiyevin və yaxud da Səfər Əbiyevin çətiri altında Milli Məclisə madat almayıb, nə dəki sifarişlə kimsənin ünvanına qarayaxmalarla məşğul olmayıb. 

Mənbə: Utro.az
.