Bu gün Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb.
APA-nın məlumatına görə, iki gün davam edəcək Forumun rəsmi açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edir.
Mərasimdə prezident İlham Əliyev çıxış edib, Rusiya prezidenti Vladimir Putinin və BMT rəhbərliyinin Forum iştirakçılarına müraciəti oxunub.
Bakı Beynəlxalq Humanitar Forumunda 80-ə yaxın ölkədən 400 nəfər iştirak edir. Forum beynəlxalq aləmdə böyük hörmət qazanıb”.
Bunu V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa hər zaman böyük önəm verir: "Humanitar əməkdaşlıq ölkələr arasında əlaqələrdə böyük rol oynayır. Azərbaycanda 2 ildən bir Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il əvvəl Bakıda dünya dinlərinin liderlərinin görüşü və digər beynəlxalq tədbirlər keçirilib.
Azərbaycan həm də mötəbər idman yarışlarına əməkdaşlıq edir. Bu il Bakıda Formula - 1 və Şahmat Olimpiadası, ötən il isə ilk Avropa Oyunları keçirilib. İlk Avropa Oyunları müsəlman ölkəsi Azərbaycanda baş tutub. Bu, dinlərarası dialoqa töhfə sayıla bilər. Gələn il isə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Azərbaycan bu yolla gedir ”.
Prezident İlham Əliyev deyib ki, bu tədbirlər həm Azərbaycana, həm də dünyaya lazımdır: "Azərbaycan çoxdinli, çoxkonfessiyalı ölkədir. Bu gün dünyanın müxtəlif nöqtələrində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlıq bunun qarşısının alınmasında mühüm rol oynaya bilər”.
"Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul edib. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqə yaradılmasını məqsədəuyğun hesab edirik. Bir neçə il əvvəl Avropa Şurasına üzv ölkələrinin mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etdik. Buna "Bakı Prosesi" adını verdik. Buna dünyada böyük hörmət və diqqətlə yanaşdılar”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bundan sonra mədəniyyətlər və dinlərarası dialoqa öz töhfəsini verməyə çalışacaq: "Azərbaycan bütün dövrlərdə multikulturalizm, sülh məkanı olub. Bu gün də multikulturalizmə öz töhfəmizi veririk. Azərbaycan dövləti məscidlər, kilsələr, sinaqoqlar tikir. Azərbaycanda bütün dini bayramlar birlikdə qeyd edilir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik”.
Prezident İlham Əliyev deyib ki, multikulturalizm bu gün də Azərbaycanda dövlət siyasətidir: "Bu siyasət ölkə daxilində böyük rəğbət qazanır. Dövlət siyasəti o zaman uğur qazanır ki, cəmiyyət buna dəstək verir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda "Multikulturalizm ili" elan edilib. Dövlət Bayrağı Meydanı yaxınlığında multikulturalizmə abidə ucaldılıb”.
Dövlət başçısı bildirib ki, bu gün dünyanın bir neçə yerində multikulturalizmlə bağlı bədbin fikirlər səslənir: "Bəziləri multikulturalizmə yol verilməsini düzgün saymır, bəziləri bu ideyanı iflasa uğramış hesab edir. Lakin multikulturalizmin alternativi ksenofobiya, irqçilikdir, bunlar isə çox təhlükəli meyllərdir. Tarixdə bu meyllərin güclənməsinin hansı faciələrə yol açdığını görmüşük. Ona görə də dünya multikulturalizmlə bağlı vahid mövqe nümayiş etdirməlidir. Multikulturalizmin dünyada bir neçə məkanı var, onlardan biri də məhz Azərbaycandır”.
İlham Əliyev həmçinin qeyd edib ki, miqrantların üz tutduğu Avropada onlara qarşı alçaldıcı hərəkətlərə yol verilir: "Avropada seçkilərə nəzər salsaq, görərik ki, radikal qüvvələr daha çox dəstək alır. Bu da Avropada radikallaşmaya yol açır. Bu, çox təhlükəli tendensiyadır. Biz sivilizasiyalararası dialoqdan danışır, ancaq sivilizasiyaların toqquşmasının ilk tendensiyalarını görürük. Bizi narahat edən məsələlər barədə açıq danışmalıyıq”.
Prezident islamofobiyanın təhlükəli olduğunu söyləyib: "Bəzi siyasətçilər, media orqanları islamı terrorla eyniləşdirirlər. Halbuki terrordan ən çox əziyyət çəkən islam ölkələridir. Bəzi Avropa ölkələri deyirlər ki, miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu nədir? Avropada faşizm baş qaldırır? Radikal qüvvələrin daha çox dəstək qazanması narahatlıq doğurur. Biz bu məsələləri açıq şəkildə müzakirə etməliyik”.
Qarabağ məsələsinə toxunan İlham Əliyev qeyd edib ki,Azərbaycanın tarixi Qarabağ bölgəsi və ətrafdakı 7 rayon işğal edilib. Xalqımıza qarşı Xocalı soyqırımı törədilib. Xocalıda öldürülənlər arasında xeyli qadın və uşaq olub”.
Dövlət başçısı söyleyib ki, artıq dünyanın 10 ölkəsi Xocalı soyqırımını tanıyıb: "ATƏT işğal olunmuş ərazilərə iki dəfə faktaraşıdırıcı missiya göndərib. Şəhərlərin infrastrukturu, məscidlər dağıdılıb, qəbiristanlıqlar buldozerlərlə məhv edilib. Biz isə Bakının mərkəzində erməni kilsəsini bərpa etmişik”.
Prezident İlham Əliyev deyib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılması tələb olunur: "Ermənistan buna məhəl qoymur, bu isə böyük ədalətsizlikdir. Qətnamələrin icra mexanizmi yoxdur. Bəzən BMT qətnamələri saatlar, günlər ərzində icra edilir, işğalçı cəzalandırılır. Bizə gələndə, bu qətnamələr 20 ildir, icra edilmir. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası Parlament Assambleyası da belə qərar və qətnamələr qəbul edib. Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi olaraq ayrılmaz tərkib hissəsidir. Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq təmin edilməlidir”.
Forumunun rəsmi açılış mərasimində Rusiya prezidenti Vladimir Putinin də Forum iştirakçılarına müraciəti də oxunub.
Rusiya prezidenti müraciətində bildirib ki, qısa vaxtda Forum böyük nüfuz qazanıb. Qeyd olunub ki, bu gün Azərbaycan növbəti dəfə Forum iştirakçılarını qəbul edir: "İnanıram ki, dünyada qarşılıqlı anlaşmanın genişlənməsi sahəsində müzakirələr faydalı olacaq. Forum böyük uğurlar arzulayıram”.
