Sentyabrın 18-24-dək ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulub.

Mədəniyyət Nazirliyindənu verilən məlumata görə, festivalın ilk konsertlərindən biri Şuşa şəhərində keçiriləcək.

Sentyabrın 18-də Üzeyir musiqi günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunacaq.

Bundan əlavə, sayca XIII olan festival çərçivəsində Bakı, Gəncə, Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Eyni zamanda cari festival çərçivəsində ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start verilib və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılıb.

Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub.
 

.