Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus dünyada koronavirus peyvəndlərinin paylanmasını “dəhşətli dərəcədə ədalətsiz" olaraq xarakterizə edib.

Baş direktor bu barədə Afrika Regional Komitəsinin 71-ci sessiyasında çıxışı zamanı deyib.

"Bir neçə təhlükəsiz və təsirli peyvəndin qısa müddətdə hazırlanması və təsdiqlənməsi dünyaya pandemiyanın nəzarət altına alınacağına real ümid verdi. Deməyə ehtiyac yoxdur, peyvəndlərin paylanması olduqca ədalətsizdir. Hamımız bu ədalətsizlikdən məyusuq”, deyə Qebreyesus əlavə edib.

Onun sözlərinə görə, bu günə qədər dünyada koronavirusa qarşı, təxminən 4.8 milyard peyvəndin edilib: “Bunlardan yalnız 87 milyonu, yəni ümumi miqdarın 2%-dən az hissəsi Afrikanın payına düşür. İndiyə qədər dünyanın 140 ölkəsinin əhalisinin ən azı 10%-i peyvəndlənib. Bu siyahıya yalnız dörd Afrika ölkəsi daxildir. Halbuki ÜST əvvəllər sentyabrın sonuna qədər dünyanın bütün ölkələrində əhalinin ən azı 10%-nin peyvəndlə təmin edilməsini qarşıya məqsəd qoymuşdu”.

ÜST-ün avqustun 24-nə olan məlumatına görə, pandemiyanın başlanğıcından bəri dünyada 211 milyon 730 min 35 koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb və 4 milyon 430 min 697 nəfər dünyasını dəyişib. Afrikada yoluxma sayı 5 497 902 nəfər, ölüm sayı isə 130 785 nəfərdir.
 

.