Çinin Uhan şəhərində ilk dəfə pandemiyanın qeydə alındığı 2019-cu il tarixinə qədər azı min nəfər koronavirusun 13 fərqli növünə yoluxub.

Bu barədə Umumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq ekspert qrupunun rəhbəri Peter Ben Embarek CNN-in efirində deyib.

Onun sözlərinə görə, Çin təşkilatın mütəxəssislərinə 2019-cu ilin dekabrında Uhan şəhərində qeydə alınan cəmi 174 infeksiya hadisəsi barədə məlumat verib. Embarek inanır ki, əslində həmin dövrdə onların sayı mindən çox olub. Çünki yalnız xəstəliyi ağır olanlar kömək üçün müraciət ediblər. 

“Hələ hesablamalar aparmamışıq. Təxminlərə əsasən deyə bilərik ki, ümumilikdə yoluxmuşların yalnız 15%-i xəstəliyin ağır formasından əziyyət çəkib və insanların böyük əksəriyyəti bu xəstəliyi yüngül keçirib”, - deyə ÜST nümayəndəsi bildirib.

O, Virusun 2019-cu ilin dekabrında Uhan şəhərində geniş yayıldığına əmindir. Embarek bildirib ki, Uhan nümunələrindəki virusu araşdırdıqdan sonra, 2019-cu ilin dekabr ayına qədər şəhərdə azı 13 fərqli koronavirus mutasiyasının olduğunu aşkarlayıblar.

Mütəxəssis qeyd edib ki, onlardan bəziləri həqiqətən yerli bazarlardan yayılmağa başlayıb, bəzilərinin isə onlarla heç bir əlaqəsi yoxdur.

.