“Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq müstəvidə də fərqlənməkdədir, ÜST ilə əməkdaşlıq şəraitində çalışır”. 

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib. 

H. Harmancı deyib ki, Azərbaycan iki dəfə ÜST-ə 5 milyon dollar yardım ayırıb : “Biz bu dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirik”. 

ÜST Azərbaycan nümayəndəliyinin rəhbəri qeyd edib ki, yoluxucu xəstəliklərlə mübarizə dövlətin sosial siyasətində mühüm istiqamət təşkil edir: “Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə COVID-19-a qarşı mübarizə tədbirlərini gücləndirmək üçün "REACT-C19" layihəsi çərçivəsində Türkiyədə çalışan 19 azərbaycanlı həkim Azərbaycana gəlib və artıq Bakıda işlərini başa çatdırdıqları üçün Gəncə, Goranbay, Ağdaş və Şəmkirə yola düşüblər. Həkimlər və orta tibb işçiləri üçün təlimlərə start veriblər. Onlar 2 həftə bu rayonlarda fəaliyyət göstərəcək, daha sonra növbəti iki həftəlik təlimlərə hazırlaşmaq üçün Bakıya qayıdacaqlar ”.

H. Harmancı nəzərə çatdırıb ki, dövlətlə bərabər hər kəs üzərinə düşəni etsə, koronavirusla mübarizə çox faydalı olacaq: “Sərt karantin rejiminin mərhəhəli şəkildə yumşaldılması bizə daha çox vaxt qazandırır. İndiki mərhələdə ictimai səhiyyə gücləndirilməlidir. Hər kəs tibbi maska taxmalı, ən azı bir metr məsafə saxlamalıdır. İndi dünyada dayanıqlı səhiyyə sisteminin əsasını qoymaq üçün bir vaxt yaranıb. Səhiyyə sisteminə əsaslı investisiya qoyulmalıdır. Bircə məqamı qeyd edim. 40 il əvvəl mayın 8-də ÜST çiçək xəstəliyinin kökünün kəsildiyini elan edib. Bu, tarixdə ictimai səhiyyənin ən böyük uğurudur. Koronavirusun kökünün kəsilməsində ən böyük rol milli və ümumən dünya səhiyyəsinin əməkdaşlığı olacaq ”.

Harmançı: “Yeni dalğadan qorxmaq lazım deyil”

"Biz ikinci dalğanın gələcəyini görürdük”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

H. Harmancı deyib ki, həmişə pandemiyanın pikə çatıb-çatmadığı barədə sual verilir: “Biz pikdən sonra enmə görüncə, pikin olduğunu deyə bilərik. Yeni dalğadan qorxmaq lazım deyil. Kiçik dalğaların gəlməsi böyük dalğalarla mübarizə aparmaqdan daha asandır. Bütün ölkələr, o cümlədən də Azərbaycan buna çalışır. Azərbaycanda da müxtəlif tədbirlər, o cümlədən həftə sonu insanların çölə çıxmasının məhdudlaşdırılması gündəmə gələ bilər”.

ÜST Azərbaycan Nümayəndəliyinin rəhbəri qeyd edib ki, hər ölkədə hökumətlər sağlamlıqla iqtisadi həyat arasında tarazlıq yaratmağa çalışır.

.