“Pandemiya dövründə sosial ödənişlərin davamlılığının, hətta hər ay vaxtından əvvəl ödənilməsi təmin edilib. Təkcə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımlar üzrə bu ilin yeddi ayında 2,3 milyondan çox şəxsə, (əhalinin 23 faizinə) 3,3 mlrd. manata yaxın vəsait ödənilib”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu da ötən ilin eyni dövrünə nisbətən tərqibən 30 faiz çox olmaqla, 719 milyon manat çoxdur:

“Sosial təminat sistemi ilə əhatə olunanların da sayı 130-150 min nəfər artıb, o cümlədən, əlavə olaraq 14 min ailə üzrə 60 minə yaxın şəxs ünvanlı sosial yardım proqramına cəlb edilib, proqram artıq 350 min insanı əhatə edir və sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də 225 manatı ötüb”.

İşsizlikdən sığorta ödənişlərinin təyinatı şərtləri yumşaldılır 

“İşsiz şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin də əhatə dairəsinin genişlənəcək. Həmin ödənişin təyinat şərtlərinin yumşaldılması üçün hazırlanmış qanun layihəsi artıq parlamentdə müzakirə olunur. Layihə qəbul edildikdə, bu, işsizlikdən sığorta ödənişi alanların sayının artırılmasına, cari il üçün həmin sayın artıq 20 minə çatdırılmasına imkan verəcək”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında deyib.

S.Babayev dövlət başçısının tapşırığı ilə ödənişli ictimai iş yerlərinin sayının da 90 minə çatdırıldığını, özünüməşğulluq proqramının da genişləndirildiyini vurğulayıb.

“Bu il proqram çərçivəsində 12 min ailənin kiçik ailə təsərrüfatlarının yaradılması işləri aparılır.

Dünya Bankı, BMT İnkişaf Proqramı, Heydər Əliyev Fondu, yerli banklar, habelə dövlət qurumlarından KOBİA, ABAD, Qida Təhlükəziliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi də bu proqramın genişləndirilməsi və dəstəklənməsi işlərinə cəlb edilib”.

.