ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ilə bağlı qrant qalmaqalı böyüyür. Belə ki, təşkilatın mətbuata 2, 4 milyon qrant elanını gizli və qeyri-şəffaf şəkildə həyata keçirməsinin ardınca QHT-lərlə də əlaqədar qeyri-müəyyənlik üzə çıxıb. USAİD deputat Əli Hüseynlinin rəhbərlik etdiyi Azərbaycan Hüquqşünaslar Konfederasiyasına maliyyə yardımını dayandırıb. Təşkilatın Bakıdakı ofisindən AzadlıqRadiosunun sorğusuna cavabda belə deyilir.
İki il öncə USAİD-in 1,5 milyon dollarlıq layihəni Azərbaycan Hüquqşünaslar Konfederasiyasına verməsi bəzi QHT-lərdə narazılıq doğurub. 4 illik layihə çərçivəsində internet hüquq televiziyasının yaradılması da nəzərdə tutulmuşdu.
USAİD bildirir: "USAİD qadınlar və əlillər kimi ehtiyacı olan insanların hüquqlarının qorunması, hüquqi yardımın əldə olunması və Azərbaycanda hüquq sahəsində çalışanların bacarığının inkişafı üçün 1,1 milyon ABŞ dolları qrant verib.
İlkin olaraq qrantın müddəti 2012-ci ildən 2016-cı ilədək planlaşdırılıb. Biz qürur hissi duyuruq ki, həmin layihə çərçivəsində sosial-iqtisadi baxımdan məhdud qruplardan 288 insana hüquqi yardım göstərilməklə yanaşı, Xəzər Universiteti nəzdində cəmiyyətin hüquqi biliyini artıran Hüquq Maarifləndirmə Mərkəzi də yaradılıb".

* * *

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov facebook səhifəsində yazıb ki, təxminən 15 min dolları bir layihəyə xərcləyəndən sonra həmin layihə ləğv olunub və pulunu ala bilməyib.
S.Məmmədov USAİD-in layihəsinin niyə dayandırılması barədə heç bir açıqlama vermədiyini deyir. S.Məmmədov "Yeni Müsavat”a bildirdi ki, onların USAİD-ə birbaşa çıxışı olmayıb. Bununla belə, vəsait bu təşkilatdan ayrılıb. Onun sözlərinə görə, Cenevrəyə səfər, rayonlarda tədbirlərin təşkili, ekspertlər üçün monitorinqlər öz vəsaitləri hesabına həyata keçirilib:
"Təxminən 15 min dollara yaxın borcu ödəməyiblər. Təkcə Cenevrə səfərinə 3770 dollar xərclənib. Bundan başqa, əmək haqları ödənilib. Bu, partnyorluqdan kənar münasibətdir və bizi zərbə altında qoyurlar. Heç bir rəsmi açıqlama və izahat da vermirlər. Məhkəməyə vermək imkanı da yoxdur. Çünki məhkəmə Virciniyada yerləşir və böyük xərc tələb edir”.
S.Məmmədov qeyd etdi ki, USAİD-in korrupsiya ilə bağlı şübhələri varsa, indidən qətiyyətlə rədd edirlər: "Biz ilk dəfə vəsaiti 8 ay sonra almışıq. Ona qədər nəşrlər olub və öz hesabımızdan vermişik. Bunu sizə təqdim edə bilərik. Yəni korrupsiya şübhələri varsa, bu iddianı rədd edirik. USAİD tərəfindən heç bir əsaslanma yoxdur. Sadəcə, Hüquqşünaslar Konfederasiyası ilə fəaliyyətə xitam veriblər. Ehtimal edirik ki, USAİD-in yardımları dayandırmasına səbəb layihədən kənar sifarişlərin yerinə yetirilməməsi ola bilər”.
USAİD bildirib ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası vəsaiti Azərbaycan Hüquqlar Konsorsiumundan alır: "Onlar USAİD-dən birbaşa maliyyə yardımı almayıblar, USAİD-ə birbaşa hüquqi bağlılıqları da yoxdur”.
AzadlıqRadiosunun jurnalisti Xədicə İsmayılova facebook səhifəsində qeyd edib ki, USAİD vəsaiti deputat Əli Hüseynlinin rəhbərlik etdiyi təşkilata verib: "Onlar da yeyintiyə yol veriblər. Sahib Məmmədovun da pulu ortada ”itib". USAİD görüb pul gedir, hesabat gəlmir, məcbur olub maliyyə yardımını dayandırsın. Amma USAİD-də o cəsarət hardadır, YAP-çı deputatın yeyintiyə yol verdiyini deyə? Biz o vaxt tənqid edəndə də deyirdilər, hər şey yaxşı olacaq".
ABŞ səfirliyinin açıqlamasında isə deyilir ki, dünyada qəbul olunmuş bütün standart prosedurlara riayət edilib, proses şəffaf həyata keçirilib. Xatırladaq ki, USAİD tərəfindən mətbuata 2, 4 milyon dollar gizli qrant elanı verildiyi, elanın ictimailəşdirilmədiyi iddia olunur. QHT rəhbəri Azər Həsrət təşkilatı korrupsiyada ittiham etmişdi.
.