ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru Maykl Nirbas (Michael Nehrbass) öz vəzifələrini icra etməyə başlayıb.

Bu barədə USAİD-dən bildirilib.

Qeyd olunub ki, bu vəzifəyə təyin olunmazdan əvvəl, Nirbas Pakistanda missiya direktorunun müavini vəzifəsində çalışıb. USAID/Pakistan-a qoşulmazdan əvvəl o, USAID/İraq üçün sabitləşmə, iqtisadi artım, demokratiya və idarəetmə fəaliyyətlərinə nəzarət edib. Nirbas 2001-ci ildə USAID-də Xarici Xidmət əməkdaşı kimi işə başlayıb. O, Əfqanıstan, Anqola, Gürcüstan, Qvatemala, İndoneziya, İraqda və USAID-in Vaşinqtondakı Afrika Bürosunda xidmət edib.

Nirbas Milli Müharibə Kollecində Milli Təhlükəsizlik Strategiyası üzrə magistr dərəcəsi, Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi və Berkli Kaliforniya Universitetində folklor üzrə bakalavr dərəcəsinə malikdir.

Azərbaycan üzrə Missiya Direktoru kimi Nirbas Azərbaycanın prioritetlərini dəstəkləmək üçün USAID proqramlarına nəzarət edəcək.

“Mən USAID-in inkişaf proqramlarının uğurlarına əsaslanaraq Azərbaycan hökuməti, donor icması, özəl sektor və vətəndaş cəmiyyəti ilə tərəfdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirəm”, - deyə cənab Nirbas bildirib.

Xatırladaq ki, 1991-ci illərdən bəri USAID Azərbaycan xalqının həyatını yaxşılaşdırmaq məqsədilə 427 milyon ABŞ dollarından çox vəsait ayırıb.

.