“Siz yalnız bizim enerji təhlükəsizliyimiz üçün deyil, həmçinin “yaşıl enerji” sahəsində də etibarlı tərəfdaşsınız. İmzaladığımız bu sənəd enerji sahəsində əməkdaşlığımızı daha da gücləndirəcək”.

Bunu Avropa Komissiyasının Prezidenti xanım Ursula von der Leyen mətbuata bəyanatla çıxışında deyib.

O, memorandumun 3 əsas bəndini qeyd edib: “İlkin olaraq biz Azərbaycandan qaz ixracını iki dəfə artıracağıq, bu sənəd vasitəsilə Cənub qaz Dəhlizinin genişləndirilməsinə sadiqliyimizi ifadə edirik. Bu layihə artıq Aİ üçün çox önəmlidir, hər il ərzində 8 milyard kub metr qazı Avropaya ötürük, yaxın illərdə onun həcmini 20 milyard kub metrə çatdıracağıq. Gələn il həcmi 12 milyard kub metrə çatdıracağıq və bu Rusiyadan kəsilən qazı kompensasiya etməyə qatqıda bulunacaq və Avropanın enerji təminatına əhəmiyyətli töhfə verəcək”.

Anlaşma memorandumunda ikinci əsas məqamın bərpa olunan enerji ilə bağlı olduğunu vurğulayan Ursula von der Leyen bərpa olunan enerji sahəsində Azərbaycanın çox böyük potensialının olduğunu diqqətə çatdırıb: “Cənab Prezident də bunu qeyd etdi. Bu xüsusilə külək və yaşıl hidrogen sahəsində böyükdür və biz bunları görüşümüzdə ətraflı müzakirə etdik. İmzaladığımız bu sənədlə bu sahədə dayanıqlı əməkdaşlığımızın əsasını qoymuş olduq. Tədricən Azərbaycan Aİ üçün qalıq yanacaqlar sahəsində partnyordan bərpa olunan enerji sahəsində aparıcı partnyora çevriləcək. Və bizim qaz sahəsində əməkdaşlığımız iqlim dəyişikliyi ilə bağlı məsuliyyətimizlə ardıcıl olmalıdır. Məsələn, metan qazının azaldılması kimi. Bu sənəddə metan qazının azaldılması ilə bağlı öhdəliklərimiz qeyd olunur. Və mən Azərbaycanı təşviq edirəm ki, metan qazından imtina ilə bağlı 119 ölkənin qoşulduğu razılaşmaya da qoşulsun”.

.