Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Brüsseldə ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüşü çərçivəsində Avropanın müdafiə xərclərini artırmaq planları barədə danışıb.

Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ursula fon der Lyayen Aİ-nin Ukraynanın maliyyə sabitliyi və müdafiəsinin təmin edilməsində həlledici rolunu vurğulayıb və ümumi öhdəliyin 135 milyard avro təşkil etdiyini qeyd edib.

O, Avropanın müdafiə istehsalını və xərclərini artırmaq planlarına, Avropa və Ukraynanın hərbi imkanlarının gücləndirilməsinə diqqət çəkib.

"Avropa Ukraynaya hərbi yardımın tam payını daşıyır və daha çox iş görməyə hazırdır", - deyə Ursula fon der Lyayen vurğulayıb.

Onun sözlərinə görə, Aİ ədalətli və davamlı sülhə sadiqdir: "İstənilən həll Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət etməli, güclü təhlükəsizlik zəmanətləri ilə dəstəklənməlidir. Aİ qan tökülməsini dayandırmaq, Ukrayna və onun xalqının layiq olduğu sülhün təmininə kömək etmək üçün ABŞ ilə birlikdə işləməyə hazırdır".

.