Gürcüstanla Avropa İttifaqı (Aİ) arasında siyasi ziddiyyətlər növbəti diplomatik böhrana çevrilib. Noyabrın 16-da Brüsseldə keçirilən Aİ-nin genişlənmə forumuna dəvət edilməməsi və nazirlər toplantısında ölkəyə aşağı səviyyəli təmsilçilik təklif olunmasına etiraz edən Gürcüstan Xarici İşlər Nazirliyi hər iki tədbirdə iştirakdan imtina edib. Brüsselin Tiflisin siyasi kursunu və demokratik institutların vəziyyətini tənqid etməsi, Gürcüstan hakimiyyətinin isə bunu daxili işlərə müdaxilə kimi qiymətləndirməsi tərəflər arasındakı institusional əlaqələri dondurub. Üzvlük prosesinin faktiki dayandığı bir vaxtda Tiflis Çin, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə alternativ siyasi-iqtisadi tərəfdaşlıqları genişləndirməyə üstünlük verir.
"Gürcüstan vətəndaşlarının 60-70 faizi Avropa İttifaqına üzvlüyü dəstəkləyib. Üstəlik, bu istiqamətdə müxtəlif səviyyələrdə dəvətlər və çağırışlar da olub. Təbii ki, Gürcüstanın bu məsələdə öz mövqeyi və haqlı tələbləri var".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Qərb Avropa İttifaqına üzv olmaq istəyən ölkədə mütləq şəkildə Avropa İttifaqını dəstəkləyən hakimiyyətin olmasını istəyir. Onlar hətta Gürcüstan xalqının iradəsinin əksinə olsa belə, öz siyasi maraqlarına uyğun hakimiyyətin formalaşmasını arzulayırlar. Məqsədləri odur ki, həmin ölkədə öz siyasətlərini həyata keçirmək və ölkəni idarə etmək onlar üçün daha asan olsun. Baxmayaraq ki, Gürcüstanın indiki hakimiyyətini Gürcüstan xalqı seçib. Seçkilərdə xalq öz iradəsini ortaya qoyub və məhz bu hakimiyyəti görmək istədiyini bəyan edib. Lakin Avropa İttifaqı ikili standartlarını burada da açıq şəkildə nümayiş etdirdi. Müqayisə üçün deyim ki, Gürcüstanda keçirilən seçkilər Ermənistandakından qat-qat demokratik və şəffaf olub. Buna baxmayaraq, Avropa İttifaqı Ermənistanın seçkilərini hər vəchlə müdafiə etdi. Halbuki Ermənistanda seçkilərdən əvvəl də, seçkilərdən sonra da müxalifət nümayəndələrinə qarşı həbslər davam edib. Gürcüstana irad bildirmələri isə münasibətlərin daha da gərginləşməsinə səbəb olur. Görünən odur ki, Avropa İttifaqı üçün Ermənistanda nə demokratik dəyərlər, nə də xalqın səsi maraqlıdır. Əsas məsələ onların istədiyi şəxslərin hakimiyyətdə olması və öz maraqlarına uyğun siyasətin həmin bölgədə həyata keçirilməsidir.
Ekspert qeyd edib ki, belə bir vəziyyətdə Gürcüstan-Avropa İttifaqı münasibətlərində ciddi geriləmə baş verir. Avropa İttifaqı Gürcüstanla əlaqələrini məhdudlaşdırır, Gürcüstana aid olan bir sıra layihələrdən imtina edir və ölkənin indiki hakimiyyəti ilə əməkdaşlıq etmək istəmir. Tbilisi Qərblə məsafə saxlamır, əslində, Qərb Tbilisi ilə məsafə saxlayır. Dəfələrlə Gürcüstanın indiki hakimiyyət nümayəndələri qeyd ediblər ki, Avropa İttifaqı ilə əlaqələri davam etdirməyə hazırdırlar. Münasibətlərin davam etdirilməsinə və əməkdaşlığın inkişafına qarşı deyillər.
Siyasi şərhçinin sözlərinə görə, Gürcüstanın indiki vəziyyəti Ukrayna və Moldovadakı siyasi vəziyyətdən daha yaxşıdır. Demokratiya və insan hüquqları Gürcüstanda Moldovaya və Ukraynaya nisbətən daha yaxşı qorunur. Lakin Avropa İttifaqının yanaşması tamamilə fərqlidir. Onlar özlərinə yaxın olan siyasi qüvvələri dəstəkləyirlər. Gürcüstan təəssüf ki, bu məsələdə fərqli münasibətlə üzləşir. Düzdür, mən inanmıram ki, Avropa İttifaqı bu ölkələrin namizədlik məsələsinə obyektiv yanaşır. Gürcüstanın baş naziri də haqlı olaraq qeyd edib ki, bir sıra məsələlərdə Avropa İttifaqının dəyərləri Gürcüstanda daha yaxşı qorunur, nəinki Moldovada. Amma baxın, onların Gürcüstana münasibəti necədir. Əslində, Gürcüstan düzgün addımlar atır və həm dünyada, həm də Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşır. Gürcüstanın Çin, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə geniş əlaqələr qurmaq üçün çox böyük imkanları var. Təbii ki, burada əsas rolu Azərbaycan oynayır. Azərbaycan regionda mühüm tranzit və logistika mərkəzi kimi çıxış edir. Bu baxımdan, Gürcüstanın Azərbaycanla münasibətlərində yeni imkanlar mövcuddur və bu imkanlar formalaşan geosiyasi reallıqları daha da sürətləndirə bilər. Gürcüstan öz mövqeyini qoruyub saxlamağa çalışır və məhz bu istiqamətdə addımlar atır. Azərbaycan-Türkiyə-Gürcüstan formatı çox effektiv işləyən əməkdaşlıq platformasıdır. Bu format müdafiə, hərbi, siyasi və iqtisadi sahələrdə mühüm əhəmiyyət daşıyır. Niyə də Gürcüstan bu formatı daha da inkişaf etdirməsin? Eyni zamanda, region dövlətləri arasında 3+3 formatı mövcuddur. Gürcüstanın da bu formatda iştirak etməsi, Rusiya ilə münasibətlərini nəzərdən keçirməsi və gələcəkdə əməkdaşlığı daha geniş çərçivədə inkişaf etdirməsi mümkündür. Azərbaycan vasitəsilə Çinlə əlaqələrin qurulması, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsi Gürcüstanın xarici siyasəti üçün yeni perspektivlər açır. Bütün bunlar, təbii ki, həm dünyada, həm də Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasına gətirib çıxaracaq. Yəni Gürcüstan bu prosesdən qazanır və öz mövqelərini gücləndirir. Buna görə də bəli, bu, mümkündür. Hətta artıq sadəcə mümkünlükdən söhbət getmir. Müvafiq addımlar atılır, proseslər başlayıb və yeni geosiyasi reallıqların formalaşdırılması istiqamətində konkret işlər görülür.
Səidə Ramazanova
.
