BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF) Yəməndə mart ayından bu günə qədər davam edən münaqişələrdən əziyyət çəkən 10 milyon uşağın təcili yardıma ehtiyacı olduğunu açıqlayıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin Cenevrə Ofisində keçirilən mətbuat konfransında UNİCEF-in rəsmisi Kristof Bulirak deyib.
Onun sözlərinə görə, fasiləsiz davam edən toqquşmalarda 6 ayda azı 505 uşaq ölüb, 702-si yaralanıb: "5 yaşında olan altı yarım milyondan çox uşaq aclıq təhlükəsi ilə üz-üzə qalıb. Təxminən 10 milyon uşağın isə yardıma ehtiyacı var".
Ölkədəki humanitar vəziyyətin hər keçən gün pisə doğru dəyişdiyini deyən UNİCEF rəsmisi əlavə edib ki, 20 milyondan çox insan təmiz içməli su tapmaqda çətinlik çəkir.
BMT-nin İnsan Haqları Üzrə Ali Komissarlığının yaydığı son statistikaya görə, ölkədə davam edən toqquşmalarda 2 355 vətəndaşın həyatını itirib, 4 862 nəfər isə yaralanıb.
.
