Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general Yuri Dumanski ordunun ölkədəki vətəndaş qarşıdurmasına cəlb edilməsi cəhdlərinə etiraz olaraq istefa verib.
Yenizaman.az xəbər verir ki, general Y.Dumanski istefa ərizəsində hərbçiləri vətəndaş qarşıdurmasına cəlb etməyə cəhd göstərildiyini və bunun yolverilməz olduğunu bildirib.
"Bu, həm hərbçilər, həm də dinc vətəndaşlar arasında ölümlərə səbəb ola bilər. Ordunun bu münaqişəyə cəlb edilməsi yolverilməzdir. Bu, mənim şəxsi mövqeyimdir, ona görə də istefa verirəm” - deyə o, ərizəsində yazıb.
Məlum olub ki, Silahlı Qüvvələrin komandanlığı ordunun etirazçılara qarşı istifadə olunması məsələsini müzakirə edir və prezident Viktor Yanukoviçin yeni təyin etdiyi Baş Qərargah rəisi belə əmr verməyə hazırlaşır.
General Dumanski bildirib ki, öz mövqeyini rəhbərliyə, o cümlədən müdafiə naziri Pavel Lebedevə izah etməyə çalışıb. Lakin onu dinləyən olmayıb.
Xəbərlərə görə, iğtişaşların bürüdüyü Kiyevə regionlardan desant qüvvələri və aeromobil polkla yanaşı Feodosiyadan dəniz piyadaları da göndərilib. Müdafiə naziri bildirib ki, ordu yalnız ölkədə fövqəladə vəziyyət və ya hərbi vəziyyət elan ediləcəyi təqdirdə böhrana müdaxilə edə bilər.
Qanlı toqquşmalardan sonra ötən gecə nisbətən sakit keçib və hazırda Ukrayna siyasi liderləri vətəndaş qarşıdurmasını dayandırmaq üçün Avropa İttifaqı təmsilçilərinin vasitəçiliyi ilə gərgin danışıqlar aparır. Bu danışıqların nəticəsi olaraq Ukraynanın indiki konstitusiyasının qüvvədən düşəcəyi və prezidentin daha məhdud səlahiyyətlərə malik olduğu 2004-cü il konstitusiyasının qüvvəyə minəcəyi gözlənilir.
.