Ukrayna taxılının Qara dəniz və boğazlar vasitəsilə dünya bazarlarına çatdırılması yaxın vaxtlarda başlaya bilər.

"Anadolu" xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Kalın bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun iyunun 8-də Ankaraya planlaşdırılan səfəri zamanı müvafiq memorandumun imzalanması nəzərdə tutulur.

"Türkiyə tərəfi ümid edir ki, Lavrovun səfəri zamanı memorandum imzalanmaqla yekun qərar veriləcək, çatdırılmalara isə ən qısa zamanda başlanacaq. Əvvəlcə su ərazisini minalardan təmizləmək və dəhliz yaratmaq lazımdır", - Ərdoğanın sözçüsü qeyd edib.

Kalın, həmçinin vurğulayıb ki, İstanbulda Ukrayna taxılının daşınmasına nəzarət edəcək taxıl mərkəzinin yaradılması ilə bağlı danışıqlar müsbət şəkildə davam edir:

"Rusiya tərəfi bu təşəbbüslərə mənfi reaksiya bildirməyib. Ukrayna tərəfi də bu təklifi ölkənin maraqlarına uyğun hesab edir. Yaxın günlərdə bu məsələ ilə bağlı konkret addımların atılması gözlənilir".

İstanbulda yaradılan taxıl ixracı mərkəzi Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında qarşılıqlı əlaqəni tənzimləyəcək. Koordinasiya mərkəzinin fəaliyyətə başlaması Ukrayna limanlarından dünya bazarlarına 20 milyon ton taxıl ixrac etməyə imkan verəcək.

.