Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində - antiterror əməliyyatının keçirildiyi zonada ağır itki verib.
UNİAN agentliyinin verdiyi məlumata görə, Rusiya ilə həmsərhəd Luqansk vilayətinin Zelyonopolye kəndinin ərazisində özünü müdafiə dəstələrinin "Qrad” qurğularından açdığı ardıcıl atəşlər nəticəsində çoxlu sayda Ukrayna əsgəri həlak olub və yaralanıb.
Antiterror əməliyyatının sözçüsü Vladislav Seleznyov faktı təsdiqləsə də, həlak olanların və yaralananların dəqiq sayını söyləməyib. O, bu haqda daha sonra məlumat veriləcəyini söyləyib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin spikeri Andrey Lısenko isə itkilərin dəqiqləşdirildiyini və axşam dəqiq rəqəmin açıqlanacağını bildirib.
Maydan hərəkatının tanınmış fəallarından olan Vladimir Parasyuk isə sosial şəbəkədə hadisənin detallarını açıqlayıb: "Bu gün səhər saat 5-də Luqansk vilayətinin Zelyonopolye kəndi yaxınlığında silahlılar bizim 24-cü motoatıcı briqadamızın uşaqlarını atəşə tutublar. Çoxlu sayda ölən və yaralanan var. Rabitə yoxdur, hər şey yanıb”.
V. Parasyuk qeyri-rəsmi məlumatlara əsasən 30-a yaxın əsgərin həlak olduğunu, 100-dən çox əsgərin yaralandığını bildirib.
Yenizaman.az xarici mətbuata istinadla xəbər verir ki, artıq ölkənin şərqində - antiterror əməliyyatı keçirən Ukrayna ordusu geri çəkilmək məcburiyyətində qalıb.
.
