Ukrayna ordusu ölkənin şərqində özünü müdafiə dəstələri ilə döyüşlərdə ağır itkilər verərək geri çəkilməkdədir.
Yenizaman.az xəbər verir ki, özünü müdafiə dəstələri ötən bazar günü Azov dənizinin sahilində yerləşən strateji əhəmiyyətli Mariopol şəhərini tam mühasirəyə aldıqlarını elan ediblər.
Ukrayna Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etmir.
Özünü müdafiə dəstələrinin bildirdiyinə görə, onlar şəhəri Zaparojye ilə birləşdirən magistral yola nəzarəti də ələ alıblar. Ötən iki gün ərzində özünü müdafiə dəstələrinin qüvvələri Azov dənizinin sahilinə qədər irəliləyə biliblər.
Ukrayna ordusunun hissələri Mariopol ətrafındakı Strarodubovka, Boyevoye və Çernovoye Pola yaşayış məntəqələrindən geri çəkiliblər. Beləliklə, Mariopol şəhəri mühasirəyə düşüb.
Lakin özünü müdafiə dəstələrinin qüvvələri şəhərə hələ hücum etmirlər. Şəhərdə Ukrayna silahlı qüvvələrinin azsaylı bölmələri və könüllülərdən ibarət "Azov” batalyonu mövqe tutub, lakin onların hücum edən özünü müdafiə dəstələrinə qarşı müqavimət göstərmək imkanları çox zəifdir. Mariopol mühasirəyə düşdüyündən ora əlavə kömək göndərmək də mümkün deyil.
Digər məlumata görə, Ukrayna qüvvələri Luqansk şəhərinin beynəlxalq aeroportunu da tərk ediblər. Aeroportda mövqe tutan Ukrayna qüvvələri özünü müdafiə birləşmələrinin intensiv tank, artilleriya və "Qrad” zərbələri qarşısında geri çəkiliblər.
Ukrayna Milli Təhlükəsizlik Şurasının bildirdiyinə görə, aeroportu qoruyan qüvvələrə geri çəkilmək əmri verilib.
.
