UEFA Avropa Superliqasının yaradılmasına cəhd göstərmiş klublara qarşı tədbirlərlə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Superliqanı tərk etmiş doqquz klub layihəyə qoşulmanın səhv addım olduğunu etiraf etməli, UEFA, digər Avropa klubları, milli futbol federasiyaları və azarkeşlərdən üzr istəməlidir. Cəza tədbiri olaraq, 9 klubun hər biri 15 milyon avro ödəməlidir ki, bu məbləğ Avropada uşaq və gənclərlə bağlı futbol layihələrinə yönəldiləcək.

Bununla yanaşı, Superliqadan ayrılan klublar UEFA turnirlərindən əldə etdikləri illik gəlirlərin 5%-dən məhrum ediləcək. Əgər bundan sonra da, analoji cəhdlər olarsa, klublar 100 milyon avro cərimə ödəyəcəklər.

Qeyd edək ki, artıq Superliqanı tərk etmiş “Arsenal”, “Milan”, “Çelsi”, “Atletiko”, “İnter”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Tottenhem”in UEFA-nın şərtlərini qəbul etdikləri açıqlanıb.

Xatırladaq ki, “Yuventus”, “Real Madrid” və “Barselona” hələ də Superliqada qalmaqda davam edir. Onlar barəsində qərarın UEFA-nın intizam komitəsi tərəfindən qəbul ediləcəyi bildirilir. 

.