İsrail-Azərbaycan Hökumətlərarası Komissiyasının V iclasının 2027-ci ildə Azərbaycanda keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a İsrailin Azərbaycandakı səfiri Ronen Kraus məlumat verib.

Komissiyanın əvvəlki, IV iclası 2025-ci il noyabrın 20-də Qüdsdə baş tutub.

"Növbəti iclas 2027-ci ildə Azərbaycanda keçirilməlidir. Hələ ki, dəqiq detallar yoxdur, lakin plan məhz belədir", - səfir vurğulayıb.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsrail tərəfindən isə ölkənin maliyyə naziri Zeev Elkindir.

İkitərəfli iqtisadi və texnoloji əməkdaşlığın prioritet istiqamətlərindən danışan R.Kraus informasiya texnologiyaları, innovasiyalar, süni intellekt və kibertəhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin perspektivli olduğunu qeyd edib.

Onun sözlərinə görə, iki ölkə arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq artıq bir neçə ildir ki, inkişaf edir və bu əməkdaşlıqda yerli akademiyalardan biri də iştirak edir: "Süni intellekt üzrə anlaşma memorandumu imzalanıb. Bu məsələ müzakirə olunur və bu istiqaməti irəli aparmağa çalışırıq".

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarının yekunlarına əsasən ölkələr arasında ticarət dövriyyəsi 41,76 milyon ABŞ dolları (+26,58 %) təşkil edib.

.