UEFA köhnə qitənin altı futbol federasiyasının müstəqil “Avropa Superliqası” yaratması planlarını aradan qaldırmaq üçün Çempionlar Liqası turnirinin formatında ciddi dəyişikliklər etməyi planlaşdırır.
“Haber Global”ın məlumatına görə, yeniliklər 2024-2025-ci illər mövsümündən qüvvəyə minəcək.
İddialara əsasən, yarışın qrup mərhələsi iştirakçılarının sayı və mərhələdəki oyun sayı artırılacaq. Hər komanda qrup çərçivəsində 6 deyil, 10 oyun keçirəcək. Oyunlar həftənin üç günü (çərşənbə axşamı, çərşənbə və cümə axşamı) təşkil olunacaq. Qrup mərhələsindən sonra bütün komandaların nəticələri birləşdiriləcək və ilk 8 pillədə qərarlaşan klublar növbəti 1/16 mərhələsinə adlayacaq. 9-24 cü yerləri tutan kollektivlər isə növbəti 8 yer üçün mübarizə aparacaq.
Bununla da, bir komanda finaladək 13 deyil, ən az 17 qarşılaşma oynayacaq. Turnir çərçivəsindəki matçların sayı isə 125-dən 200-dək artırılacaq.
Həmçinin UEFA aparıcı çempionatlardan turnirə qatılan klubların sayını 4-dən 6-dək artırmağı düşünür.