Dünyann 1 nömrəli narkobaronu hesab edilən, Meksikadakı dəhşətli "Sinaloa” kartelinin başçısı Hoakin Qusmanın ("El Çapo”, yaxud "Gödəkboy”) karyerası boyu üçüncü dəfə həbs edilməsi onun öz həyatını filmə çevirmək ideyası sayəsində baş tutub.

Virtualaz.org "Reuters” ə istinadən xəbər verir ki, Meksika prezidenti Enrike Penya Niyeto "El Çapo”nun yaxalanması üçün dəniz piyadalarının keçirdiyi əməliyyatın bəzi detallarını açıqlayıb.

Prezident deyib ki, Hoakin Qusman yaxalanarkən qaçmağa cəhd göstərib. O, kanalizasiya tuneli ilə qaçaraq onu təqib edən dəniz piyadalarından yayınmaq üçün avtomobilə minib, ancaq çox keçmədən yaxalanıb. Daha sonra onu vertolyotla Mexiko ştatındakı Altiplano həbsxanasna aparıblar. Bu, Meksikanın ən sərt rejimli həbsxanasıdır və "El Çapo” ötən il oradan 1.5 kilometrlik yeraltı tunellə qaçmağa nail olmuşdu.



Baş prokuror Areli Qomes "El Çapo”nun həbsxanaya yerləşdirildiyini və ciddi mühafizə altında olduğunu təsdiq edib. O deyib ki, narkobaron ötən ilin iyul ayında həbsxanadan qaçandan sonra öz həyatını ekranlaşdırmaq fikrinə düşüb. Areli Qomesin bildirdiyinə görə, məhz bunun sayəsində "El Çapo”nun yerini təsbit etmək mümkü olub. Çünki filmin çəkilişi üçün narkobaron aktrisalarla və prodüserlərlə təmas qurub.

Bu, Hoakin Qusmanın üçüncü həbsidir. İlk dəfə o, 2001-c ildə həbsxana nəzarətçilərini ələ almaqla və çamaşırxana furqonunun içində gizlənməklə qaça bilib. 10 ildən çox azadlıqda dolaşandan sonra onu yenidən həbs etsələr də bu dəfə narkobaron həbsxananın altından tunel qazdıraraq qaçıb.

"Sinaloa” karteli Meksikanın ən iri narkokartelidir və ABŞ-da satılan bütün narkotiklərin üçdə birini təmin edir. Bu kartelin dünyanın bütün qitələrində özəkləri var.
.