"İSTEDADI OLMAYANLAR MƏNİM KİMİ ƏDƏBİ TƏNQİDÇİLİKLƏ MƏŞĞUL OLUR”

"AzTV Azərbaycan dövlətçiliyinin media qarantıdır” 

"Test üsulu jurnalist tələbələrin son dərəcə savadsız olmağına gətirib çıxardır”


Tanınmış jurnalist, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Cahangir Məmmədlinin AzNews.az-a müsahibəsi: 

– Cahangir müəllim, jurnalistikanın nəzəriyyəsini yaxşı bilmək və mənimsəmək üçün bir mütəxəssis kimi, hansı kitabları oxumağı məsləhət görürsünüz? 

– Əvvəllər doğrudan da, nəzəriyyə ilə bağlı kitablar çox az idi. Sovet dövründə professor Famil Mehdinin "Bədii publisistika” kitabı, bir də "Jurnalistika məsələləri” adlı iki cildliyi vardı. Bunlar isə yalnız Sovet dövrü üçün yararlı idi. Amma müstəqillik dövründən sonra xeyli kitablar yazıldı, lap elə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin özündə xeyli kitab yarandı.

– Hansı müəlliflərin adını çəkə bilərsiniz?

– Mən özüm də nəzəriyyəçiyəm, mənim də kitablarım var, Qulu Məhərrəmlinin kitabları var, Alxan Bayramov və s. Başqa yerlərdən də yanıma gələnlər var, xahiş edirlər ki, kitablarına ön söz yazım, redaktorluq edim. Düzdü, bu kitablarda nöqsanlar çoxdur, amma yaxşı cəhəti odur ki, bunlar jurnalistikanın Qərb standartlarını ortaya qoydular. Bu kitabları oxuyub Qərb jurnalistika prinsiplərinin necə tətbiq olunmasını öyrənmək mümkündür. 

– Sizcə, yazılanlar kifayətdirmi?

– Deyim ki, bu yöndə yazılan kitablar yaxşıdır, bəsdir. Yox, belə deyil. Azdır. Məsələn, Rusiyada, Türkiyədə maraqlı bir cəhət var, dünyanın hansı dilində jurnalistika ilə bağlı kitab çap olunursa, dərhal öz dillərinə tərcümə edirlər. Bəs mən nə edim? Türkiyə türkcəsindəki kitabı tələbələrimə verim ki, oxuyun, düz çıxmır. Filmlərdə Türkiyə türkcəsini başa düşmək olur, amma elmi üslubda anlamaq çox çətindir. Rus dilində də çox dəyərli kitablar var. Onları da tələbələrimə verə bilmirəm. Çünki başa düşmürlər. 

– Bakı Dövlət Universitetində Jurnalistika fakültəsi fəaliyyət göstərir, hər il yüzlərlə tələbə bu fakültəni bitirir. Heç başqa universitetləri demirəm. Bəs niyə Azərbaycan mediasında jurnalistik qıtlığıdır? Söhbət peşəkarlardan gedir. Problem nədir? 

– Bunun böyük bir səbəbi test üsulundadır. Orta məktəbdən abituriyentlər imtahan verməyə gələndə çox zəif olurlar. Test üsulu jurnalist tələbələrin son dərəcə savadsız olmağına gətirib çıxardır. Çünki abituriyent hansı fənlərdən imtahan verəcəksə, yalnız onları öyrənir, hazırlaşır. Mən birinci kurslara dərs deyirəm. Bir semestr keçən kimi öyrəndikləri də yadından çıxır. Müsabiqə yolu ilə tələbə qəbul olunur, bu tələbələr isə son dərəcə aşağı ballarla gəlirlər. Ümumi erudisiyaları, savadları çox zəifdir. Geniş dünyagörüşləri yoxdur.

Hələ 5-6 il bundan qabaqkına şükür, indi lap çox zəifləməyə başlayıblar. Çünki universitetə aşağı balla girmək mümkündür. Amma bütün bunlarla belə jurnalistika fakültəsini bitirib, təhsil alan adam heç olmasa, böhtançı olmur, şər atmır, yalan danışmır. Heç olmasa, etik normalara, qanunlara əməl edir. KİV haqqında qanuna bələd olmayan, etik normalara və prinsiplərə bələd olmayanlar çox böyük səhvlər edir, böhtanlar atır, senssasiya xatirinə nəyə desən gedir. Bu mənada bizim fakültəni qurtaran tələbələrin bir az səliqə-sahmanı var. 

– Tez-tez deyirlər ki, şair anadan şair doğulmalıdır. Bunu jurnalistika haqqında da demək olarmı?

– Türkiyə jurnalistika nəzəriyyəçilərindən birinin yaxşı bir sözü var: jurnalist olurmu, yoxsa doğulurmu? Sizin verdiyiniz sual da eynilə bu cürdür. Jurnalist olur, jurnalist peşəyə yiyələnir. Filologiya fakültəsinə qəbul olan tələbələrin valideynləri demir ki, mənim uşağımı şair eləyin, yazıçı eləyin. Tələbədir, qəbul olub, oxuyur. İstedadı varsa şair, yazıçı olacaq, istedadı yoxdursa, mənim kimi ədəbi tənqidçiliklə məşğul olacaq. Amma jurnalistika fakültəsində deyirlər ki, mənim oğlumu jurnalist elə. Sənət və peşə deyilən anlayışlar var. Poeziya, şeir, yazıçılıq, rəssamlıq - bunlar Allah vergisidir. Jurnalist isə üslubu bir balaca bilsə, bir balaca səviyyəsi varsa, cümlə qura bilirsə, yavaş-yavaş universitetdə də öyrənməyə başlayır. Deməli, jurnalistika peşədir və onu öyrənmək olur. 

– Yeni nəsil jurnalistləri bir çox hallarda yaşlıları qəbul etmir, onları köhnə təfəkkür sahibi adlandırırlar. Bu məsələyə münasibət bildirməyinizi istərdim... 

– Atalar və oğullar qədim problemdir. Atalar elə bilir ki, oğullar cavandı, uşaqdı, heç nə qanmır. Cavanlar isə düşünür ki, ataların vaxtı keçib, onlar müasir deyil və s. Əlbəttə, bunların ikisi də bir-birini bəyənsələr, bir-birini tamamlasalar, daha yaxşı olar, sənət, peşə daha yaxşı səviyyədə meydana çıxar.

Məsələn, siz cavansınız, mən isə 60-cı illərin ortalarında meydana gəlmiş adamam. Ədəbiyyatımızda 60-cılar deyilən bir ədəbi nəsil var. O dövrün Süleyman Rüstəmləri, Mirzə İbrahimovları bu yeni nəsli qəbul eləmirdilər. Bu gün isə o dövrün 60-cıları Azərbaycan ədəbiyyatının ən aparıcı qüvvələridirlər. Anar, Ək.., Elçin... 

– Əkrəm Əylislinin adının yarısın dediniz, yarısı qaldı... 

– O, mənim xətrimə dəyib. Mən Əkrəm Əylisli haqqında çox yazmışam. Gərək, o bu işləri görməyəydi. Yazılarımın böyük əksəriyyəti Əkrəmlə bağlıdı. Amma indi ondan incimişəm. Doğrudan incimişəm. Bu hərəkətləri nə vaxt desən eləmək olardı, amma Azərbaycanın bugünkü vaxtında yox! Azərbaycanın geosiyasi yerindəndir, nədəndir, bilmirəm, ünvanımıza bir söz deyilən kimi elə qorxuram. Görünür, mən bir az qorxaq adamam. 

Hə, 60-cılardan danışırdım. Mövlud Süleymanalı, İsi Məlikzadə, lap deyim ki, doğrudan da, Əkrəm Əylisli... Elçin Əfəndiyevin adını dedim?

– Bəli, narahat olmayın. 

– Hamısı bütöv bir ədəbi nəsil kimi gəldilər. Köhnə nəsil bunları qəbul eləmirdi. Görünür, keçmiş 60-cılar isə bu gün sizi qəbul eləmir. Ona görə deyirəm ki, atalar və oğullar əbədi bir problemdir. 

Bir məsələ də var. Yaşlı nəsildə bir az paxıllıq da olur. Mən də yaşlı nəsiləm, amma həmişə cavanların yanında olmuşam. Heç vaxt onlara qarşı paxıllıq hissim olmayıb. Cavanları ortada görəndə sevinirəm, onların bu yerə gəlib çıxmasında mənim bir balaca əməyim varsa buna görə qürurlanıram. Amma yenə deyirəm, yaşlıların hamısı belə deyil, yaşlı nəsil cavanların qabağına kötük dığırlayan olur.

– Cahangir müəllim, niyə bizim cəmiyyətdə adamlara nə qədər savadlı, peşəkar olur-olsun, daha çox ictimai mövqeyinə görə əhəmiyyət verirlər, qiymətləndirirlər?

– Bu suala cavab vermək mənim üçün çətindi. Çünki ictimai rəyin özünə gəlib çıxmaq ağır məsələdir. Bəlkə mən özüm də nədənsə çəkinirəm, ehtiyat edirəm, söz danışanda yüz ölçüb bir biçməyə çalışıram. Xüsusilə indiki vaxtda daha çox ehtiyatlı olmağa çalışıram. Çünki jurnalistlər adi sözdən informasiya düzəldirlər. 

– Başqa bir məsələ haqqında danışmaq istərdim. Azərbaycan televiziyalarının səviyyəsi barədə nə deyə bilərsiniz? 

– Bəzən ekspertlər televiziyada ancaq tənqid görür, fikirlərinə tənqidlə başlayırlar. Amma bizim televiziyalarda doğrudan da, müsbət keyfiyyətlər çoxdur. Mən istəyirəm ki, televiziya haqqında söz deyiləndə onun tipoloji xarakterinə fikir versinlər. Hər bir mətbuat orqanının özünün informasiya siyasəti var. Televiziyalarda xüsusilə belədir. Hər bir telekanalın öz tipologiyası, informasiya siyasəti var. Telekanallara qiymət verərkən, onun tipologiyasından və formalaşdırdığı informasiya siyasətindən çıxış etmək lazımdır. 

Azərbaycan Televiziyası 1956-cı ildə işə düşüb, Türkiyə televiziyası isə 1968-ci ildə yaranıb. Arada 12 il fərq var. Amma onlar 90-cı ilə 100 telekanalla gəliblər, biz isə cəmi bir televiziya ilə. Ona görə də bizim Azərbaycan televiziyası hələ cavandı. 

– Televiziyalarımızın konkret problemlərindən danışmaq istərdim...

– Təbii, problemlər, nöqsanlar da var. Elə verilişlər var ki, onlara Teleradio Şurası səviyyəsində qadağa qoyulur. 

– Bəlkə nöqsanlar haqqında konkret danışasınız...

– Yox, konkret deyə bilmərəm, çünki bəlkə, onların zəif olmasında mənim də günahım var.

– Nədir günahınız?

– Bu jurnalistika fakültəsindən çıxan günahımdı. Bu günə qədər bizə Tədris Studiyası deyilən Telestudiya, Radiostudiya olmayıb. Bu yaxınlarda düzəldildi. Heyrət və qibtə eləməli bir iş görülüb. Fikirləşirəm ki, bəlkə bundan sonra orda hazırlanan tələbələr gələcəkdə səhvlərə yol verməsinlər, peşəkar jurnalist olsunlar. 

– Cahangir müəllim, bayaq dediniz ki, birinci kurslara dərs deyirəm. Birdən tələbənizin biri qalxıb sizə sual versə ki, dövlət Azərbaycan Televiziyasına bu qədər maliyyə ayırıldığı, pul xərcləndiyi vaxtda niyə sosial şəbəkələrdə, camaat arasında AzTV lağ hədəfinə çevrilir, ələ salınır, ciddi qəbul olunmur? Tələbənizə necə cavab verərsiniz?

– Azərbaycan Televiziyasının öz tipologiyası var, öz nizamnaməsi var. Hansısa televiziyanın proqram siyasəti bizi qane eləmirsə əlimizdə düymə var, dəyişib başqa yerə baxırıq. 

– Siz özünüz AzTV-yə baxırsınızmı?

– Bəli, baxıram. AzTVAzərbaycan dövlətçiliyinin media qarantıdır. Mən bu fikirdəyəm, istəyirsiniz qəbul edin, istəyirsiniz qəbul etməyin. 

– Deyirsiniz ki, hər televiziyanın öz tipologiyası var. Məsələn, AzTV və İTV-nin tipalogiyaları arasında fərqi nədə görürsünüz?

– İctimai Televiziya maarifçi televiziyadır. Bu tip televiziyaları bütün dünyada kommersiya televiziyalarına qarşı çıxarılıb. Reklam bazarına girmək üçün hər cür sensassiyalı proqramlara, haylı-küylü verilişlərə gedən komersiya televiziyaları qarşısında İTV-ni maarifçi televiziya kimi çıxardıblar. Ona görə də proqramlarında maarifçilik daha böyük yer tutur. 

Adi tələbəni bəzən dərsdə saxlamaq olmur, desən ki, çöldə odun yarmaq lazımdır, tələbə dərsdə qaçıb oduna gedir. Maarifçilik, öyrənmək siyasətini insan o qədər də qəbul eləmir. Amma İctimai Televiziya yaradılıb ki, tamaşaçı onu qəbul eləsə də, eləməsə də o, masrifçi verilişlərini, proqramlarını hazırlasın, versin. İTV isə səsizcə, sakitcə öz maarifləndirmə missiyasını yerinə yetirir. 

.