“Çox qədim və zəngin bir mədəniyyətin, tarixin Qarabağda Ermənistan və havadarları tərəfindən məhv edilməsini bütün dünyaya göstərməliyik”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin müavini Sait Yusuf bildirib.

Keçən il Azərbaycanın Diaspora üzrə Dövlət Komitəsinin dəvəti ilə Qarabağa səfər etdiyini bildirən Sait Yusuf orada dəhşətli dağıntılara şahid olduğunu deyib və bu haqsızlığın bütün dünyaya çatdırılmasının vacibliyini vurğulayıb: “Keçən il mən Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə iş üzrə Baş İdarəsinin (YTB) sədr müavini olaraq Şuşaya getdim. Yol boyu çox böyük bir coğrafiyaya, Qarabağ əhalisinə, təbiətinə, qədim mədəniyyətinə qarşı böyük haqsızlıqlar edildiyini gördüm və doğrusu sarsıldım”.

Sait Yusuf TÜRKSOY-da məsul vəzifəyə yeni təyin olunduqdan sonra da bu mövzunun aktuallığını qeyd edib: “Azərbaycan bu məsələdə müdafiə tərəfindədir və biz də TÜRKSOY olaraq Azərbaycanın yanındayıq”.

O, bildirib ki, TÜRKSOY məhvolma təhlükəsi ilə üzləşən mədəniyyətlərimizin yaşamasında bu günə qədər faydalı işlər həyata keçirib. 30 yaşını tamamlayan qurum yeni mərhələdə bu fəaliyyətlərinin təcrübəsindən istifadə edərək daha da genişləndirməyi planlaşdırır: “TÜRKSOY bundan sonra da türk mədəniyyətinə qarşı yaranan hər hansı təhlükəyə qarşı güclü müdafiənin qurulması, tarixi-mədəni sərvətlərimizi həm türk dünyasının, həm də bütün bəşəriyyətin xidmətinə təqdim edəcək. Biz bilməliyik ki, türklər olmasa, dünyada mədəniyyət tarixindən bəhs etmək mümkün deyil. Amma görünür, bundan o qədər də xəbərdar deyilik. Bunun üçün özgüvənimizi daha da yüksəltməli, çox qədim, ulu türk mədəniyyətləri haqqında məlumatlarımızı dərinləşdirməli və yaymalıyıq”.

.