Bu il Türkmənistanda Türkiyə-Azərbaycan-Türkmənistanın yüksək səviyyəli zirvə toplantısı keçiriləcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündən sonra keçirilən  ortaq mətbuat konfransında bu fikirləri bildirib.

Nazir deyib ki, Azərbaycanlı  həmkarı Ceyhun Bayramov və Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovla həm ikitərəfli, həm də üçtərəfli görüşdə geniş müzakirələr aparıblar. 

Həmkarları ilə üçtərəfli görüşün əhəmiyyətini xüsusilə vurğulayan nazir bildirib ki, Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Türkmənistanla Azərbaycan arasında qəbul edilən Anlaşma Memorandumundan Türkiyə çox məmnundur: “Görüşümüzdə bu memorandumun icrası ilə bağlı  və bu sahədə Türkiyə nə kimi rol oynaya bilər, bunu hərtərəfli müzakirə etdik”.

Nazir eyni zamanda deyib ki, terrorla mübarizə, regional və qlobal məsələlərlə bağlı hər üç ölkənin ortaq atılacaq addımlarla bağlı da fikir mübadiləsi aparılıb.

 

.