İyulun 27-i səhər saatlarında Türkiyənin İraqın Mosul şəhərindəki konsulluğuna hücum olub.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlik hücumu qınayaraq, Türkiyənin günahkarların qısa zamanda məsuliyyətə cəlb olunacağını gözlədiyini qeyd edib:

“Biz İraq hakimiyyətini diplomatik və konsulluq nümayəndəliklərini qorumaq üçün öz öhdəliklərini yerinə yetirməyə çağırırıq. Bu hücumun İraq rəsmilərinin çağırışı ilə keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında ölkəmizin haqsız yerə ittiham olunduğu və hədəf alındığı bir vaxtda baş verməsi də düşündürücüdür”.

Bundan əlavə, Türkiyə XİN İraq hakimiyyətini diqqəti terrorizmlə mübarizəyə yönəltməyə və öz ərazilərində qonşu ölkələr və diplomatik nümayəndəliklər üçün təhlükə yaradan terrorçuların mövcudluğuna son qoymağa çağırıb.

.