Türkiyə Türk Dövlətləri təşkilatının inkişafına töhfə verməyə, üzv ölkələr arasında əməkdaşlıq və birliyi gücləndirmək üçün səylərini artırmağa davam etdirəcək.

Bu barədə İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin Birinci Toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında sənaye və texnologiya naziri Mehmet Kacır bildirib.

O, iclasın gələn il Azərbaycanda keçiriləcək ikinci görüşündə müsbət nəticələr əldə olunacağına ümid etdiyini qeyd edib.

Nazir Kacır, həmçinin Bakıda baş tutacaq COP-29-un vacibliyini vurğulayaraq, Azərbaycana tədbirin həyata keçirilməsində uğurlar arzu edib.

M. Kacır, Türkiyənin sənaye və texnologiya sahəsində mühüm nailiyyətlər əldə etdiyini qeyd edərək, ölkədə sənaye zonaların sayının 192-dən 361-ə artdığını vurğulayıb:

“Türkiyə bu gün Çindən Avropaya qədər ən çox sayda məhsulu ən çox ölkəyə rəqabət mühitində ixrac edən ölkədir. Biz bütün nailiyyətlərimizi, texnoparklarımızdakı innovasiya uğurlarımızı qarşıdakı dövrdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə daha çox paylaşmağa, onların da əldə etdiyi nailiyyət və təcrübədən ilhamlanmağa səy göstərəcəyik”.

.