
Türkiyə Rəqabət Qurumu, abunə əsaslı istəyə bağlı video xidməti təqdim edən rəqəmsal platformalar - Netflix, Disney+, Exxen, BluTV, Amazon və Gain haqqında rəqabət qanunvericiliyinin pozulması iddiaları ilə bağlı araşdırma başladıb.
Bu barədə TRT Haber məlumat yayıb.
Rəqabət Qurumu, bu platformaların rəqabəti məhdudlaşdırıcı anlaşma və tətbiqlərlə qanunu pozub-pozmadığını araşdıracaq. Xüsusilə, Netflix-in məzmun lisenziya müqavilələri çərçivəsində rəqabəti məhdudlaşdırıcı davranışlarının olub-olmadığı yoxlanılacaq.
Rəqabət Qurumunun internet saytında yayımlanan açıqlamada, sözügedən müəssisələrə qarşı ilkin araşdırma ilə bağlı qərar verildiyi bildirilib. Əldə edilən məlumat və sənədlərin ciddi və yetərli olduğu qeyd edilərək, bu müəssisələr haqqında araşdırma aparılması qərara alınıb.
.