Türkiyənin İzmir, Aydın, Bolu, Manisa, Karabük və Uşak vilayətlərində üç gündür yanğınlara qarşı mübarizə davam edir.
Yenizaman Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin 12,5 milyon hektar meşə sahəsi yanğın təhlükəsi altındadır.
Bildirilib ki, Aydındakı yanğınların söndürülməsinə 7 təyyarə, 15 helikopter, 370-ə yaxın canlı qüvvə, İzmirdə 3 təyyarə, 15 helikopter, Manisa vilayətində 7 helikopter, Bolu vilayətində 12 helikopter, çox sayda yanğınsöndürən avtomobil və 1500-ə yaxın canlı qüvvə cəlb edilib.
Yanğınların baş verməsinə səbəb insan faktorudur. Belə ki, artıq yanğınlarla bağlı yeddi nəfər saxlanılıb, onlardan ikisi həbs edilib. Yanğın bölgələrindən indiyədək 3971 nəfər təxliyə olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi də ən şiddətli yanğınların baş verdiyi bölgələrdən olan İzmirdə söndürmə işlərinə dəstək məqsədilə Türkiyəyə gəlib.
.