İstanbul Türkiyə-Azərbaycan Kültür və Həmrəylik Dərnəyi (İSTAD) işğalçı Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinə etiraz əlaməti olaraq bəyanatla çıxış edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, dərnəyin rəhbəri Səfər Qaraqoyunlunun imzası ilə yayılan bəyanatda bildirilir ki, işğalçı Ermənistanın müstəqil Azərbaycan dövlətinə qarşı törətdiyi təxribatlar, Suriyadan sonra Livandakı erməniləri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsində yerləşdirmək cəhdi beynəlxalq hüquq normalarına ziddir və yolverilməzdir.

Sənəddə qeyd edilib ki, İSTAD Azərbaycana, o cümlədən bütün türk dünyasına qarşı edilən bu haqsızlığa göz yuman dünya ictimaiyyətini və beynəlxalq təşkilatları şiddətlə qınayır. Azərbaycanın əzəli torpaqlarının 20 faizinin uzun illərdir Ermənistanın işğalı altında qaldığı, ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi amansız soyqırımı faktının hər kəsə bəlli olduğu vurğulanıb.

İSTAD dünya birliyini Ermənistandan dərhal bu işğala son verməsini tələb etməyə çağırıb və Azərbaycanın əzəli torpaqlarının geri qaytarılmasının vacibliyini xatırladıb.

.