“Bu il noyabrın 12 -də İstanbulda keçiriləcək və Türk Şurasının inkişafı ilə bağlı əhəmiyyətli qərarların veriləcəyi 8-ci Zirvə toplantısının Türk Dünyasının birliyinin və həmrəyliyinin daha da möhkəmlənməsində tarixi dönüş nöqtəsi olacağına inanırıq”.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu, Türkiyənin Xarici İşlər Nazirliyinin 3 Oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü - Naxçıvan Sazişinin ildönümü ilə əlaqədar açıqlamasında qeyd olunub.

Bildirilib ki, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın iştirakı ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması ilə bağlı 3 oktyabr 2009-cu ildə imzalanan Naxçıvan Sazişi hər il qeyd olunmaqdadır: “Türk cümhuriyyətlərinin müstəqilliklərinin bərpasının 30-cu ildönümünün olduğu bu il Naxçıvan Anlaşmasının 12-ci ildönümünü fərqli bir coşqu və qürurla qeyd edirik və Türk Şurasının genişlənməsindən məmnunuq. Geniş Avrasiya coğrafiyasına yayılan Türk Dünyasının ortaq dilinə, tarixinə və mədəni dəyərlərinə əsaslanan əməkdaşlıq iradəsini təmsil edən Türk Şurası bölgəsində və dünyada sülhə, firavanlığa və sabitliyə xidmət etməyə davam edəcək”.

Açıqlamada noyabrın 12-də Türkmənistanın da müşahidəçi olaraq qatılacağı Zirvə toplantısının əhəmiyyəti də qeyd olunub.

.