"Dünyada hazırda stratejik dəyişikliklər baş verir, bu dəyişikliklər hər yerə təsir etdiyi kimi türk dünyasına da təsir edir”.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Qəbələdə Azərbaycan mediasına açıqlamasında deyib.

Hakan Fidan bildirib ki, TDT-nin artan institusionallaşması və daha koordinasiyalı fəaliyyəti bizi bu böhranlara daha dözümlü edir: “Bu bizim kollektiv şəkildə tutduğumuz institusional mövqedir. Digər tərəfdən, türk dünyası dövlətlərinin iqtisadiyyatları, infrastrukturları, texnologiyaları, müdafiə imkanları, infrastrukturları, əsas xidmətlər baxımından daha da inkişafı, sənaye infrastrukturlarının daha da güclənməsi əslində hər bir dövləti daha da güclü edir. Hər bir güclü olan dövlət də bir araya gələndə daha güclü bir struktur yaranır. Ona görə də indiki yolumuza davam etdikcə qlobal böhranlara daha dözümlü türk dünyası ilə qarşılaşacağıq. Liderlərimiz sabah Qəbələdə bu məsələni müzakirə edəcəklər".

Xarici siyasətimizin əsas sütunu regionumuzda sabitliyin yaradılmasıdır

"Hazırda xarici siyasətimizin əsas sütunu regionumuzda sabitliyin yaradılmasıdır”.

Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Qəbələdə Azərbaycan mediasına açıqlamasında deyib.

Hakan Fidan bildirib ki, sabitliyin yaradılması üçün də bir neçə şərt var: “Birincisi, müharibələri və münaqişələri mümkün olduğu qədər sakitləşdirmək və ya bitirməkdir. İkincisi, iqtisadi əməkdaşlığı bərabər şəkildə inkişaf etdirməkdir ki, hər kəs firavanlıqdan faydalanmasını təmin etmək mümkün olsun. Üçüncüsü, münasibətləri və regional strukturları institusionallaşdırmaqdır. Onları daha davamlı etmək üçün biz regionumuzda bu perspektivlə işləyirik. Siz bunu türk dünyası ilə əlaqələrimizdə, türk dünyası ilə regional işimizdə də daim görürsünüz. Yaxın Şərqə, Cənubi Qafqaza, Balkanlara, Aralıq dənizinə, Qara dənizə baxın. Prezidentimizin ortaya qoyduğu xarici siyasət də, Türkiyənin göstərdiyi səylər də bu istiqamətdədir. Ona görə də Türkiyənin regional gücündən, nüfuzundan və liderliyindən bölgəyə sabitlik gətirmək üçün istifadə edirik. Təəssüflər olsun ki, əvvəlki dövrlərdə dünyamızda münasibətlərin təməl əsası ya rəqabət, ya tabeçilik, ya da hökmranlıq idi. İndi biz bundan kənara çıxdıq və daha humanist, daha əxlaqi, eyni zamanda hamı üçün faydalı olan xarici siyasət yürüdürük və bununla da yolumuza davam edirik”.

.