“Dondurulmuş münaqişələrin çoxu bizim bölgəmizdədir. Qarabağ bunlardan bir idi, inşallah, həll olunacaq”.

Bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bölgəmizdə - Gürcüstanda, Ukraynada, Suriyada, İraqda, Liviyada belə münaqişələr var. Türkiyə bu münaqişələrin siyasi yolla həllini dəstəkləyir. Biz Liviyada da münaqişənin sülh yolu illə həllini dəstəkləyirik. Ancaq Haftarın Tripoliyə hücumu, İdlibdə baş verənlər də yaxın tarixdir. Ancaq biz münaqişələrin həllində təşəbbüslərlə çıxış edirik və bu təşəbbüslər davam edəcək. Türkiyə Aralıq dənizində də ədalətli yanaşmanın tərəfdarıdır. Biz Aralıq dənizi ilə bağlı konfransın keçirilməsini təklif etmişik. Türkiyə bölgədə münaqişələrin həlli üçün lazımi addımların atılmasını davam etdirəcək”, - deyə XİN başçısı vurğulayıb. 

Çavuşoğlu: "İşğal edilmiş torpaqların hamısının Azərbaycana təhvil verilməsi ilə bu münaqişə həlini tapa bilər"

“İşğal edilmiş torpaqların hamısının Azərbaycana təhvil verilməsi ilə bu münaqişə həlini tapa bilər”.

Bunu bu gün keçirilən mətbuat konfransında Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu atəşkəs razılaşmasında Qazağın işğal altındakı kəndlərinin azad edilməsi ilə bağlı məsələnin əksini tapıb-tapmaması ilə bağlı yaranmış qeyri-müəyyənliyə münasibət bildirərkən söyləyib.

M. Çavuşoğlu deyib ki, işğal olunmuş torpaqlardan çəkilmə ilə bağlı təqvim müəyyənləşib: “Digər kiçik detallarla bağlı Azərbaycan rəsmiləri daha ətraflı məlumat verə bilər. Ancaq anlaşmanın son məqsədi bütün işğal olunmuş torpaqların azad olunmasıdır. İndiyə qədər Azərbaycan Ordusu qəhrəmanlıqla döyüşdə uğur qazandı, bundan sonra isə söz diplomatiyanındır”.

Çavuşoğlu: “Türkiyədən Azərbaycana hərbi missiya göndərilərsə, parlamentimiz bunu böyük həvəslə dəstəkləyəcək”

“Türkiyədən xarici ölkəyə hərbi missiya göndərilirsə, bu, Türkiyə parlamentində müzakirəyə çıxarılır”.

Bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M. Çavuşoğlu qeyd edib ki, Suriya və digər yerlərə hərbi missiya göndəriləndə məsələ bu formada həllini tapıb: “Söhbət qardaş Azərbaycandan gedirsə, qazi Türkiyə parlamentinin bunu böyük həvəslə dəstəkləyəcəyinə əminik”.

Türkiyə xarici işlər naziri: “Atəşkəsə nəzarət mərkəzi və şöbələri Azərbaycanın müəyyənləşdirdiyi yerlərdə yerləşəcək”

“Atəşkəsə nəzarət mərkəzi və şöbələri Azərbaycan torpaqlarında Azərbaycanın müəyyənləşdirdiyi yerlərdə yerləşəcək”.

Bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu deyib ki, başda ev sahibi Azərbaycan olmaqla, Türkiyə və Rusiya atəşkəsə nəzarət mərkəzi və şöbələrinin harada yerləşməsinin məqsədəuyğun olduğu müzakirə ediləcək və qərar veriləcək: “Qarabağdan söhbət gedirsə, buraların hamısı Azərbaycan ərazisidir. Azərbaycan ərazisi olduğu üçün ev sahibinin də hüququna hörmək edilərək, atəşkəsə nəzarət mərkəzi və şöbələri Azərbaycanın lazım bildiyi yerlərdə olacaq”.

Türkiyə XİN başçısı: “Dövlətlərdə davamlılıq əsasdır”

“Dövlətlərdə davamlılıq əsasdır”.

Bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanda hakimiyyət dəyişikliyi ehtimalı ilə bağlı atəşkəs razılaşmasının təhlükə altına düşüb-düşməyəcəyinə dair sualı cavablandırarkən bildirib.

M. Çavuşoğlu deyib ki, atəşkəs anlaşmasını 3 ölkə imzalayıb: “Hakimiyyətlər gəlib-keçər, ancaq anlaşmalar qalır. Ermənistan hökumətinin doğru seçimindən Ermənistan xalqı da faydalanacaq”.

Xarici işlər naziri qeyd edib ki, atəşkəsə nəzarət mərkəzinin şöbələri də olacaq və bu şöbələr vasitəsi ilə atəşkəsə nəzarət daha əhatəli həyata keçiriləcək.

Türkiyə XİN başçısı: “Azərbaycan gücünü dosta da, düşmənə də göstərdi”

“Azərbaycan gücünü dosta da, düşmənə də göstərdi”.

Bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu deyib ki, Azərbaycan Ordusu böyük zəfər qazanıb: “Şəhidlər, yaralılar var. Şəhidlərə, mülki əhali arasında həlak olanlara rəhmət diləyirik. Azərbaycanın qələbəsini Türkiyədə də hər kəs paylaşdı”. 

Çavuşoğlu: “Naxçıvan dəhlizindən ilk növbədə Azərbaycan, Türkiyə və digər bölgə ölkələri faydalanacaq”

“Çinin tarixi İpək Yolu və digər layihələri var. Ancaq münaqişənin həlli nəticəsində açılacaq nəqliyyat dəhlizlərindən ilk növbədə bölgə ölkələri faydalanacaq”.
 
Bunu bu gün keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
 
M. Çavuşoğlu qeyd edib ki, Azərbaycan torpaqları işğaldan azad edilərsə, nəqliyyat dəhlizləri açılarsa, bundan hər kəs faydalanar: “Çindən öncə bu nəqliyyat dəhlizlərindən bölgə ölkələri faydalanacaq. Naxçıvana açılacaq dəhlizdən ilk növbədə Azərbaycan, Türkiyə və digər bölgə ölkələri faydalanacaq”.

Çavuşoğlu: “Atəşkəsə nəzarət mərkəzində Rusiyanın rolu necə olacaqsa, Türkiyənin də rolu elə olacaq”

“Atəşkəsə nəzarət mərkəzində Rusiyanın rolu necə olacaqsa, Türkiyənin də rolu elə olacaq”.

Bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M. Çavuşoğlu deyib ki, sabah Rusiyadan Türkiyəyə gələcək heyətlə birgə işçi qrupu yaradılaraq fəaliyyət prinsipləri müəyyənləşdiriləcək: “Atəşkəsə nəzarət havadan, qurudan həyata keçiriləcək. Türkiyə və Rusiya birlikdə eyni missiyanı yerinə yetirəcək. Qardaş Azərbaycan xalqının da istəyi bu idi. Prezident İlham Əliyev də Türkiyənin rol almasının vacib olduğunu qeyd etmişdi”.

Çavuşoğlu: "Ermənistan atəşkəsi yenə pozsa, ağır nəticəsini görəcək"

“İşğal olunmuş torpaqların hamısı azad ediləcək”.

Bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın işğal edilmiş ərazilərin qaytarılması ilə bağlı təqvimə riayət etməyəcəyi halda hansı addımların atılacağına dair sualı cavablandırarkən bildirib.

M. Çavuşoğlu deyib ki, anlaşmanın altında Ermənistan baş nazirinin imzası var: “Ermənistan bundan əvvəl 3 dəfə atəşkəsi pozdu, nəticəsini gördü. Yenə pozarlarsa, yenə də ağır nəticəsini görərlər. Bundan əvvəl Azərbaycan çox səbr etdi, bundan sonra seçim Ermənistanındır. Ya könüllü anlaşmaya əməl edərək işğal edilmiş torpaqlardan çıxacaqlar, ya da qəhrəman Azərbaycan Ordusu bu günə qədər olduğu kimi torpaqlarını alacaq. Həyatın gerçəkləri var. Ermənistan bölgədə sabitlik əldə olunandan sonra bundan necə faydalanacaq, o barədə düşünməlidir”.

.