“Nikol Paşinyan seçkilərdə qalib gələndən sonra çox vacib mesajları oldu. Prezident Rəcəb Tayyib Ərdoğan da bu mesajlara müsbət cavab verdi”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haberə müsahibəsində deyib.

Nazir bildirib ki, daha sonra Türkiyə və Ermənistan qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin edib: “Xüsusi nümayəndələrimizin artıq ilk görüşü Moskvada keçirilib. 24 fevralda isə onlar Vyanada görüşəcəklər. Ermənistan bu dəfə görüşün Vyanada keçirilməsini istədi. Bu o qədər də böyük problem deyil. Biz bütün addımlarımızı Azərbaycanla müzakirə edirik. “3+3” platforması çərçivəsində görüşdən əvvəl də biz Azərbaycanla məsləhətləşirik. Moskvada təqdim etdiyimiz sənədi Azərbaycanla birlikdə hazırlamışıq. Çünki artıq Azərbaycan da Ermənistanla davamlı sülh istəyir. Ona görə də Azərbaycan və Ermənistan arasında əhatəli sülh sazişinin imzalanmasını tövsiyə etdim. Bu, hamımızın xeyrinədir. Zəngəzur dəhlizi daxil olmaqla, quru və dəmir yolu layihələrinin həyata keçməsi regionu tranzit mərkəzinə çevirəcək. Bundan hər kəs qazanacaq. Ermənistanla işğalla, münaqişə ilə nə əldə edib?! Özünü təcrid etdi. Ermənistanın iqtisadiyyatı çox pis vəziyyətə düşdü. İndi isə fürsət yaranıb və bu fürsəti dəyərləndirməliyik. Nikol Paşinyana daxildə, eyni zamanda, xaricdə erməni diasporunun təzyiqi olmasa, bölgənin faydası üçün addımlar atıla bilər”.

 

O, ABŞ dövlət katibi Entoni Blinkenə erməni diasporunu bölgədə sülhün yaradılmasını təşviq etməyə dair tövsiyə verdiyini vurğulayıb.

 

Nazir qeyd edib ki, ABŞ və Fransadakı erməni diasporunun mühüm hissəsi bölgədə sülhü dəstəkləmir: “Amma nəticədə Ermənistan və Azərbaycanın, həmçinin bölgənin də xeyrinə olan addımları atmalıyıq. Bu sahədə çətinlikləri bilirik. Amma cəsarətli addımları atmaq lazımdır. Biz bütün mərhələlərdə Azərbaycanla bu addımları müzakirə edirik”.

.