Türkiyə və Rusiyanın "Qazprom" şirkəti qaz tədarükü üzrə köhnə müqavilələrinin qismən uzadılması və yeni razılaşmaların əldə edilməsi məsələlərini müzakirə edirlər, bunun üçün də "Türk axını" kəmərində sərbəst buraxılış həcmləri (müqavilələrlə təmin olunmamış 9,75 mlrd. kubmetr – red.) mövcud olacaq.

Rusiya mətbuatı verdiyi məlumata görə, bu barədə Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar bildirib.

"Biz "Qazprom"la Türkiyəyə qaz tədarükünün artırılmasını müzakirə edirik. Çünki "Türk axını"nın imkanları var", - A. Bayraktar qeyd edib.

Nazir müavini xatırladıb ki, "Qazprom"un Türkiyəyə qaz tədarükü üzrə müqavilələrinin bir hissəsinin müddəti bu il başa çatır və 2022-ci ildə "Türk axını"nın buraxılış gücündə 9,75 mlrd. kubmetr sərbəst həcmlər mövcud olacaq.

"Bunlar həm yeni müqavilələr, həm də qismən uzadılmış razılaşmalar olacaq. Biz "Qazprom"la danışıqlar aparırıq, amma hələ ki, bunda artıq bir şey deyə bilmərəm", - nazir müavini qeyd edib.

Xatırladaq ki, "Türk axını" kəməri Rusiyadan Türkiyə, Cənubi və Cənubi-Şərqi Avropaya qaz tədarükünü təmin etmək məqsədilə Qara dənizin dibi ilə çəkilib. Qaz kəmərinin illik ötürmə gücü 31,5 mlrd. kubmetr təşkil edir.
 

.