Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevin Türkiyəyə rəsmi səfəri ilə bağlı məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələrinin "Twitter" hesabında yayılan məlumatda qeyd olunub ki, Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevin rəsmi qarşılanma mərasimi keçirilib. Kərim Vəliyev fəxri qarovulun önündən keçib.

Qeyd edək ki, Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev sentyabrın 13-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ilə görüşüb.

Görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.
 

.