Türkiyə parlamenti gələn ilin əvvəlində 2053-cü ildə sıfır emissiya hədəfinə nail olmaq üçün əlverişli zəmin yaradacaq İqlim qanununu qəbul edə bilər.

Bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Bakıda keçirilən COP29 çərçivəsində “Anadolu”ya bildirib.

Nazir xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhz COP29 konfransında 2053-cü ilə qədər sıfır emissiyaya nail olmaq kimi iddialı hədəfi elan edib.

Onun sözlərinə görə, hazırda hökumət bu hədəfin reallaşdırılması üçün lazımi infrastrukturun yaradılması üzərində işləyir. Xüsusilə Türkiyə parlamenti 2025-ci ilin birinci rübündə yeni İqlim qanununun qəbul edilməsi məsələsini nəzərdən keçirəcək.

M.Kurum həmçinin bildirib ki, COP29-un əsas mövzusu iqlim maliyyələşdirməsidir və Türkiyə danışıqların yekunları üzrə qarşıya qoyulan hədəflərə, o cümlədən inkişaf etməkdə olan ölkələr üçün maliyyəyə çıxışın asanlaşdırılması hədəfinə nail olunacağına ümid edir.

.