Türkiyə məktəblərində bu gün 2021/2022-ci tədris ili başlayıb.

Türkiyənin milli təhsil naziri Mahmut Özer xatırladıb ki, məktəblərdə əyani təhsil məcburidir.

Onun sözlərinə görə, lakin COVID-19 diaqnozu qoyulmuş və ya karantində saxlanılanlar, yaxud xroniki xəstəliyə görə məktəbə gələ bilməyən şagirdlər üçün distant təhsil tətbiq ediləcək.

Yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunmayan müəllimlər və texniki heyət həftədə iki dəfə məcburi PCR testi verəcəklər, testlər dövlət xəstəxanalarında pulsuz olacaq.

M. Özer vurğulayıb ki, şagirdlərin maska və digər gigiyenik tələblərə əməl etməklə təhsildə iştirakı şərtdir, amma şagirdlərin peyvənd edilmək, ya PCR testi vermək məcburiyyəti yoxdur.

Nazir onu da qeyd edib ki, yeni tədris ili 18 milyondan çox şagird, 1 milyondan çox müəllim və texniki heyəti əhatə edəcək.

.