Böyük Britaniya Türkiyəyə müdafiə sənayesi məhsullarının ixracına dair məhdudiyyətləri 85%-dək ləğv edib.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Türkiyənin YPG və PYD-yə qarşı həyata keçirdiyi hərəkatlardan sonra bəzi müttəfiq ölkələr xüsusi ilə də müdafiə sənayesi ilə bağlı məhdudiyyətlər tətbiq edib və ixracat qadağası qoyub: “İndi yavaş-yavaş bunun dəyişdiyini görürük. Britaniya tərəfindən Baş nazir Boris Conson Prezidentimizə söz vermişdi. Britaniya məhdudiyyətləri 85%-dək qaldırıb. Yerdə qalan 15%-in də aradan qaldırılması üzərində çalışırıq”.

Eyni məsələ ilə əlaqədar Kanada xarici işlər naziri ilə də görüşdüyünü vurğulayan Mövlud Çavuşoğlu Türkiyənin məktublaşma yolu ilə məsələnin həllinə çalışdığını qeyd edib.

XİN başçısı diqqətə çatdırıb ki, Kanada ilə əsas istiqamət idxal edilən məhsulların üçüncü ölkələrə ixracatının tənzimlənməsi ilə bağlıdır.

“Kanada Qarabağ zəfəri sırasında Azərbaycanı dəstəklədiyimiz iddiası ilə bunu (müdafiə sənayesi məhsullarının istehsalında istifadə edilən avadanlıqların Türkiyəyə ixracını) ləğv edib. Bir ölkədən aldığımız məhsulu istifadə edərək istehsal etdiyimiz məhsulu başqa bir ölkəyə ixrac etdiyimiz zamanı birinci ölkə ilə (Kanada ilə) əməkdaşlıq etməyimiz lazımdır. Bu rutin maddəni məktublaşma vasitəsi ilə düzəldəcəyik”, - deyə Çavuşoğlu bildirib.

Xatırladaq ki, Kanada hökuməti Türkiyənin İkinci Qarabağ müharibəsində Azərbaycanı dəstəkləməsini əsas göstərərək “Bayratkar TB2” və ANKA dronlarında istifadə edilən “Wescam”in elektro-optik və ultrabənövşəyi kamera sistemlərinin və “Bombardier Recreational Product” şirkətinin istehsal etdiyi Rotax yüngül təyyarə motorlarının Türkiyəyə ixracatını dayandırıb.

.