
Türk İnvestisiya Fondu (TIF) Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin (TurkIPAnet) yaradıldığını elan edib.
TIF-dən bildirilib ki, platforma IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF 2025) çərçivəsində istifadəyə verilib.
"Yeni platforma türk dünyası ölkələri arasında investisiya əməkdaşlığının gücləndirilməsini, onların birbaşa xarici investisiyalar üçün cəlbediciliyinin artırılmasını, həmçinin investisiyaların təşviqi agentlikləri (IPA) arasında bilik mübadiləsi mexanizmlərinin inkişafını, səylərin koordinasiyasını və birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur", - fonddan qeyd ediblər.
Forum zamanı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin investisiya agentliklərinin rəhbərləri TurkIPAnet şəbəkəsinin yaradılmasını rəsmi olaraq təsdiqləyən Anlaşma Memorandumunu imzalayıblar. Həmçinin əməkdaşlığın əsas prinsiplərini və istiqamətlərini müəyyən edən bu sazişin strukturu təqdim edilib.
Tərəflər həm xarici, həm də daxili regional investisiyaların təşviqində koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, türk dünyası çərçivəsində inteqrasiya olunmuş, dayanıqlı və səmərəli investisiya məkanının formalaşması üçün türk ölkələrinin IPA-ları arasında daha sıx əməkdaşlıq zəruridir.
.