"İki ölkə arasında dövlət səviyyəsində qurulan əməkdaşlıqdan sonra vətəndaş cəmiyyəti qurumları arasında da əməkdaşlığın qurulması mühüm addımdır”.
APA-nın məlumatına görə, bunu bu gün Türkiyə "Beyazay” Dərnəyinin təşkilatçılığı ilə keçirilən "Türkiyə Azərbaycan Əlillərinin Dostluq Günü” beynəlxalq simpoziumunda Türkiyənin sabiq təhsil naziri, İstanbul millət vəkili Nimet Baş deyib.
N. Baş bildirib ki, Türkiyə "Beyazay” Dərnəyi Gürcüstan, Bolqarıstan, Şimali Kipr Türk Respublikasında işlər görür: "Bu gün dünyada 1 milyarddan çox əlil var. İnsanların yaşı artdıqca bir sıra xəstəliklərlə bağlı əlillərin sayı artır. Dünyanın hər yerində sağlamlıq, sosial dəstək və iş sahəsində bu insanlara dəstək vermək üzərində düşünür. Bu gün Türkiyədə 450 min əlilə evdə qulluq göstərilir. Mən nazir olduğum dövrə qədər dövlət qurumlarında 700 əlil məmur çalışırdısa, artıq bu məmurların sayı 4 min nəfəri keçib. Mən nazir olduğum dövrə qədər 10 min 883 əlil əmək fəaliyyəti ilə məşğul idisə, hazırda onların sayı 34 min 466 nəfərdir”.
O, iki ölkə arasında əməkdaşlığın əlillərin problemlərinin həllində mühüm rol oynayacağını vurğulayıb.
Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun Türkiyə və Azərbaycanla qürur duyduğunu söyləyib: "Vətəndaş cəmiyyətinin oyanışı, inkişafı Türkiyənin inkişafına böyük təkan verib. Türkiyə "Beyazay” Dərnəyinin uğurları bizi sevindirir. Digər tərəfdən, bir səfir olduğu ölkə ilə əlaqələrin inkişaf etməsini istəyər. Hər bir dövlət öz maraqlarını güdür, ancaq nə Türkiyə Azərbaycana, nə də Azərbaycan Türkiyəyə maraqlar prizmasından baxır. Çünki biz qardaş ölkələrik”.
.